Zəhərlənmələr: Şad günlərin qorxulu kabusu - Ekspert həyəcan təbili çaldı

Sentyabrın 23-də İmişli rayonunun Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.
Son zamanlar qidadan zəhərlənmə halları artıb. İnsanlar sevinclə getdikləri toy - bayramdan kədər və ağrı ilə qayıdırlar. Bu isə o deməkdir ki, SOS siqnalı çalmağın vaxtıdır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən qida üzrə ekspert Fərid Səfərov son dönəmlər Azərbaycanda toy, yas, ad günü kimi digər məclislərdə kütləvi qida zəhərlənmələri tez-tez müşahidə olunduğunu qeyd edib: "Təəssüf ki, Azərbaycanda toy, yas, ad günü və digər məclislərdə kütləvi qida zəhərlənmələri tez-tez müşahidə olunur. Mən qida mühəndisi və nutrisiloq kimi bunu bir neçə aspektdən izah edə bilərəm. Qida zəhərlənmələrinin əsas səbəbləri sırasına mikroorqanizmlərin çoxalmasını, salmonella, Staphylococcus aureus, E. coli, Clostridium perfringens və s. bakteriyaların mövcudluğunu göstərmək olar. Nəzərə almaq lazımdır ki, qida uzun müddət otaq temperaturunda saxlananda (xüsusilə isti havada) bu mikroblar sürətlə çoxalır".
O, bu kimi hallarda qorunmaq üçün nələrə əməl etmək lazım olduğunu da açıqlayıb: "İlk olaraq qidanın gigiyenik şəraitdə saxlanılmalıdır. Eyni zamanda əllər yuyulmalı, mətbəx təmiz saxlanılmalı, çiy ətlə bişmiş ət eyni səthdə eyni kəsilməməlidir. İsti yeməkləri uzun müddət açıq havada saxlamaq olmaz. Eyni zamanda soyuq zəncirin pozulması da zəhərlənmələrə səbəb ola bilər. Su və içkilərlə bağlı da bir çox məsələyə diqqət yetirməliyik. Bunlara gigiyenası zəif olan mənbədən götürülmüş su, qaynadılmamış bulaq və ya artezian suları, məclislərdə ən çox riskli olan qidalar daxildir".
Ekspert zəhərlənmə hallarının qarşısını almaq üçün bəzi məsələlərə diqqət eləməli olduğumuzu bildirib: "Ümumən bu kimi halların qarşısını almaq üçün bir çox nüansa diqqət yetirilməlidir. Stol üzərində uzun müddət qalan salat, toyuq, kremli tort və s yemək məsləhət deyil. Şübhəli qida dadını, qoxusunu fərq etdikdə yemək olmaz. Xüsusilə uşaqlar, hamilələr, yaşlılar və xroniki xəstəliyi olanlar riskli qidaları ehtiyatla qəbul etməlidirlər.
Kütləvi məclislərdə ən böyük risk – otaq temperaturunda saxlanmış ət, toyuq, mayonezli salatlar və kremli tortlardır. Əgər gigiyenaya və saxlanma qaydalarına riayət olunmazsa, bu cür zəhərlənmələr təkrarlana bilər. Ən təhlükəsiz yanaşma – sadə, təzə və tez yeyilən yeməklərə üstünlük verməkdir".
Elmir Heydərli
14:20 25.09.2025
Oxunuş sayı: 1120