Həkimdən valideynlərə müraciət: Uşaqlarda artıq çəkinin qarşısının alınmasının yeganə yolu...

Artıq çəkidən əziyyət çəkən 5-19 yaş arası uşaq və yeniyetmələrin sayı 2000-ci ildən bu yana iki dəfə artaraq 194 milyondan 391 milyon nəfərə çatıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.
Qurumun ekspertləri qeyd ediblər ki, yüksək səviyyədə şəkər, nişasta, duz, zərərli yağlar və əlavələr olan yüksək emal olunmuş "fast food" məhsulları uşaqların qida rasionunu onların şəxsi seçimləri nəticəsində deyil, qeyri-sağlam qida mühitinin təsiri ilə müəyyən edir.
Məlumata görə, belə məhsullar ən çox mağaza rəflərində, məktəblərdə təqdim olunur. Eyni zamanda sosial şəbəkələr reklamlarla gənc auditoriyanı cəlb etmək üçün geniş imkanlar yaradır.
"2025-ci ildə tarixi dönüş nöqtəsi əldə olunub: qlobal miqyasda ilk dəfə olaraq 5-19 yaş arası uşaq və yeniyetmələr arasında piylənmənin yayılması çəki azlığının yayılmasını üstələyib. 2000-ci ildən bəri 5-19 yaş arası uşaqlar arasında çəki çatışmazlığının yayılması demək olar ki, 13%-dən 9,2%-ə düşüb, piylənmə nisbəti isə 3%-dən 9,4%-ə yüksəlib. Uşaqlarda piylənmə, Saharadan cənub-şərqi Afrika və Cənubi Asiya istisna olmaqla, dünyanın bütün bölgələrində çəki çatışmazlığından daha çox yayılıb".
Hesabat 190-dan çox ölkədən əldə edilən məlumatlara əsaslanıb və dünyada 5-19 yaş arası uşaqlar arasında piylənmənin ən yüksək yayılmasının bəzi Sakit okean ada ölkələrində - Niue (38%), Kuk adaları (37%) və Nauruda (33%) müşahidə edildiyi bildirilib.
Müşahidə olunmaqda olan tendensiya barədə Crossmedia.az-a danışan həkim Şahvələd Məmmədov deyib ki, hazırda piylənmə ən qlobal problemlərdən biri olaraq qalır: “ABŞ-də Böyük Britaniyada, digər Qərb ölkələrində bu gün "fast food"a meyillilik mövcuddur. Ona görə də əsas səbəblərdən biri "fast food" yeməklərinə bağlılıqdır. Uşaqlarda qida və davranış gigiyenasına riayət olunması valideynlərin, eləcə də məktəbəqədər təhsil müəssisələrinin üzərinə düşən əsas məsuliyyətlərdəndir. Bu gün uşaqlar "fast food" yeməklərinə o qədər meyillidirlər ki, istənilən halda bu yeməklər hormonal balansın pozulmasına və piylənməyə gətirib çıxarır. Uşaqlarda artıq çəkinin qarşısının alınmasının yeganə yolu onların bağça və məktəbəqədər təhsil müəssisələrində düzgün qidalanmasının təmin edilməsidir. Burada da çox şey müəllimlərdən asılıdır. Onların gündəlik qida rejiminə diqqət olunmalı, uşaqlar şirniyyat və "fast food"dan uzaq tutulmalıdır".
Həkim əlavə edib ki, valideynlərin həyat tərzi də uşaqlara birbaşa təsir edir: “Məsələn, Bakı şəhərində çoxlu şirniyyat dükanı açılıb. Şirniyyata meyilli olan valideynlər uşaqların da bu məhsullara maraq göstərməsinə səbəb olurlar. Daha çox şirniyyat məhsulları uşaqlarda artıq çəkiyə gətirib çıxarır. Uşaqlarda piylənmənin qarşısını almaq üçün sağlam həyat tərzi əsas şərtdir. Uşaqlar idmanla məşğul olmalı, gündəlik qida və yuxu rejimi düzgün tənzimlənməlidir. Təəssüf ki, bəzən uşaqlar gecə vaxtı oturub "fast food" yeməkləri istəyirlər. Bu hallar da artıq çəkinin yaranmasına gətirib çıxarır".
Mehriban Yariyeva
16:18 10.09.2025
Oxunuş sayı: 973