Bu qidalardan qəti istifadə edilməməlidir - Ekspertdən xəbərdarlıq

Yay aylarında kütləvi zəhərlənmələ faktları daha çox qeydə alınır. İstər ev, istərsə də istirahət mərkəzlərində bu kimi hallar tez-tez qeydə alınır. Sentyabrın beşi shər saatlarında Astarada da kütləvi zəhərlənmə faktı qeydə alınmışdı. Belə ki, zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilən 15-ə yaxın sakinin həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün öncədən ev şəraitində hazırlanan qidalardan qəbul etdikləri məlum olub. İnsanlar ev şəraitində hazırladığı qidalardan da zəhərlənir. Bəs qidalanan zaman nələrə diqqət etməliyik? Hansı qidalardan qorunmalıyıq?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib:
Qidadan zəhərlənmə hallarının qarşısını almaq üçün ev şəraitində qida hazırlayarkən qida təhlükəsizliyi qaydalarına mütləq diqqət etmək lazımdır: "Əvvəlcə yemək hazırlamazdan əvvəl və sonra əllər yaxşıca yuyulmalıdır. Həmçinin istifadə olunan qab-qacaq, doğrama taxtası və bıçaqlar hər istifadədən sonra isti su və sabunla təmizlənməlidir. Meyvə və tərəvəzlər bol su ilə yuyulmalı, lazım olduqda qabıqları soyulmalıdır. Çiy ət, balıq, süd və yumurtalar yalnız etibarlı mənbədən alınmalıdır. Son istifadə tarixi keçmiş məhsullardan uzaq durmaq lazımdır. Şişmiş, qapağı qalxmış konserv bankaları və ya pis qoxulu məhsullar qətiyyən istifadə edilməməlidir. Çarpaz çirklənmənin qarşısı alınmalıdır: Çiy və bişmiş qidalar üçün ayrı doğrama taxtası və bıçaqdan istifadə edilməlidir. Çiy əti tərəvəzlərin üstünə qoymaq, eyni qabda saxlamaq olmaz. Həmçinin ət, toyuq, balıq və yumurta tam bişməlidir (orta temperatur 70°C-dən yuxarı). Yeməkləri yarımçıq bişmiş halda yemək də təhlükəlidir. Bişmiş yeməklər otaq temperaturunda 2 saatdan çox qalmağı məsləhət deyil. Soyuducuda 4°C-dən aşağı temperaturda saxlanmalı, dondurucuda isə -18°C olmalıdır. İkinci dəfə qızdırılan yeməklər yalnız bir dəfə yenidən istifadə olunmalıdır".
O, əlavə edib ki, xəstə şəxslər yemək hazırlamamalıdır: "Saçlar bağlı, dırnaqlar təmiz və qısa olmalıdır. Unutmaq olmaz, ən çox zəhərlənməyə səbəb olan faktorlar - düzgün saxlanılmayan ət və süd məhsulları, yarımçıq bişmiş qidalar, evdə hazırlanmış konservlərdir".
Ayhan
15:05 08.09.2025
Oxunuş sayı: 1673