Bu gün əlavə imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün bu gün imtahan keçirəcək. Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər bu gün imtahan verəcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Məlumatat görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində
təşkil olunacaq.
İmtahanda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 210,
tam (11 illik) orta təhsil səviyyəsi üzrə 162 şagirdin iştirakı nəzərdə
tutulur. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
Bugünkü imtahanların idarə olunması üçün 10 imtahan rəhbəri,
7 ümumi imtahan rəhbəri, 52 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı və
7 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış
rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmayacaqlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət
Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış
xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə
yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış
arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə
təsdiqlənir).
09:09 07.09.2025
Oxunuş sayı: 1413