Fərid Osmanov: Bakıda keçirilən ICPC rəqəmsal dövrün gələcək liderləri üçün yeni üfüqlər açıb

Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Olimpiadasının (ICPC) Dünya Finalı gənc proqramçılar üçün ilham mənbəyi oldu.
Crossmedia.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən
ICPC-nin 49-cu dünya finalının bağlanış mərasimində deyib.
"İstedadınız, əzmkarlığınız və məqsədyönlülüyünüz sizi
bu səhnəyə gətirib çıxarıb. Gördüyünüz işə sadiqliyiniz və intellektual gücünüz
təkcə sizin deyil, həm də universitetinizin, akademik cəmiyyətinizin və təbii
ki, ölkənizin qürur mənbəyidir. Axı ICPC təkcə yarışma və nəticə deyil, həm də
yoldur", - o bildirib.
F.Osmanovun sözlərinə görə, final yarışları iştirakçılar
üçün yeni üfüqlər açıb, onlara dəyərli bilik, dostluq bəxş edib və gələcək
uğurlarının əsasını qoyub.
"Bilirəm ki, hər bir komanda mümkün qədər çox problemi
həll etmək və ən yaxşı nəticələr əldə etmək üçün əlindən gələni etdi. Amma
burada ən önəmlisi əməkdaşlıq, dostluq və Bakıdan özünüzlə aparacağınız
imkanlardır. Azərbaycanda keçirilən Dünya Finalı bizim üçün də xüsusi məna kəsb
edir. O, gənc proqramçıları ruhlandırdı, onların universitetlərinin dünya səhnəsində
necə parladığını göstərdi və doğma şəhərdə, Azərbaycanda unudulmaz hadisəyə
çevrildi", - o vurğulayıb.
F.Osmanov onu da qeyd edib ki, son illər Azərbaycanda rəqəmsal
inkişaf, elektron xidmətlərin, rəqəmsal sistemlərin və infrastrukturun tətbiqi
sahəsində mühüm uğurlar əldə olunub.
"Lakin bütün bu nailiyyətlər insan kapitalı sayəsində
mümkün olub. Unutmayaq ki, insan istedadı həmişə texnologiya və innovasiyaların
mərkəzində dayanır. Məhz ICPC kimi müsabiqələr dünyanın hər yerindən ən parlaq
gənc mütəxəssisləri bir araya gətirir", - deyə o, fikrini yekunlaşdırıb.
20:02 04.09.2025
Oxunuş sayı: 791