Bəzi zəhərlər çox toksik olduğu üçün xüsusilə diqqətli olmaq vacibdir - Həkimdən vacib məsləhət

İsmayıllıda baş vermiş hadisə nəticəsində 61 yaşlı kişi arı sancması səbəbindən həyatını itirib. Hadisə arı və digər həşəratların zəhərlərinin insan sağlamlığı üçün nə qədər təhlükəli ola biləcəyini bir daha gündəmə gətirir.
Arı sancmalarının təhlükəliliyi və ilkin tibbi yardımın əhəmiyyəti ilə bağlı Crossmedia.az saytına açıqlama verən həkim Adil Qeybulla bütün zəhərli heyvanların zəhərlərinin insan üçün təhlükəli ola biləcəyini bildirib: "Ümumiyyətlə, bütün zəhərli heyvanların, həşəratların və sürünənlərin zəhərləri təhlükəlidir. İlan zəhəri, əqrəb zəhəri, hörümçək zəhəri və arı zəhəri, xüsusilə “şel-şel” arılarının zəhərləri daha böyük təhlükə yarada bilər. Arı zəhəri dilə sancıldıqda xüsusilə təhlükəlidir, çünki dil çox həssas orqandır. Sancma zamanı burada ciddi ödem əmələ gələ bilər və bəzən bu boğulmaya səbəb ola bilər. Dil kökünün həddən artıq şişməsi mexaniki asfiksiya ilə nəticələnə və ölümə gətirib çıxara bilər. Digər ciddi təhlükə isə anafilaktik şokdur".
Həkim zəhərlərin bədənə daxil olmasının müxtəlif təhlükəli hallara səbəb ola biləcəyini və heç kimin bundan tam sığortalanmadığını vurğulayıb: "Bəzi zəhərlər çox toksik olduğu üçün xüsusilə diqqətli olmaq vacibdir. Arı zəhəri kimi bəzi toksinlər isə allergiyası olan şəxslərdə anafilaktik şok yarada bilər. Bu səbəbdən allergiyası olan insanlar açıq havada və ya çöldə diqqətli olmalı, profilaktik olaraq antiallergik dərmanlardan istifadə etməlidirlər.
İlk yardım tədbirləri nəfəs yollarında şişmə yaranarsa, ödemin qarşısını almaqla başlayır. Sancılan şəxsi sakit bir yerə uzatmaq, zəruri hallarda reanimasiya tədbirləri — ürək masajı və süni tənəffüs tətbiq etmək və dərhal həkim çağırmaq vacibdir. Əgər mümkündürsə, evdə olan antiallergik dərmanlardan, məsələn, dimedrol, suprastin, tarelgil kimi preparatlardan istifadə edilə bilər" .
Sonda A.Qeybulla güclü anafilaktik şok zamanı ilk yardım tədbirlərinin çox vaxt kifayət etməyə biləcəyini qeyd edib.
Pərvin Hacıyeva
17:00 04.09.2025
Oxunuş sayı: 1017