Ermənistan "ev tapşırıqlarını" həyata keçirməlidir - DEPUTAT

Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib ki, Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust tarixi ölkənin uzun, çətin, amma şərəfli bir yol keçərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və zamanın çağırışlarına uyğun Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə inkişaf etdirilən sülh konsepsiyasının hədəflərinə nail olması ilə əlamətdar oldu.
O qeyd edib ki, bu nailiyyətlər Azərbaycan Prezidentinin güclü liderliyinin, yorulmaz səylərinin, sarsılmaz polad iradəsinin, qətiyyətinin və prinsipiallığının, parlaq diplomatik məharətinin, böyük uzaqgörənliyinin və müdrik qərarlarının məntiqi nəticəsidir:
“Onların əsasında Qarabağımızın və işğala məruz qalmış bütün torpaqlarımızın azad olunması və mütləq suverenliyimizin təmin edilməsi ilə yaranan yeni geosiyasi reallıqlar, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır”.
Baş nazir vurğulayıb ki, postmüharibə dövründə Azərbaycanın xarici siyasəti davamlı sülhün təmin olunmasını, dövlət sərhədlərinin qarşılıqlı tanınmasını və kommunikasiya xətlərinin açılmasını əsas prioritet kimi irəli sürür.
“Bu baxımdan Vaşinqtonda imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir. Bu isə təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir”, - Ə.Əsədov deyib.
Milli Məclisin deputatı Arzuxan Əlizadə baş nazirin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışıb: "8 avqust Vaşinqton görüşü sözün həqiqi mənasında tarixə yazılmış bir səfər kimi yadda qalacaq və Azərbaycanın uğuru ilə, Azərbaycanın diplomatiya müstəvisində əldə etdiyi çox böyük, möhtəşəm uğurla yadda qalmış olacaq. Orada imzalanan sənədlər Azərbaycanın, xüsusilə də İkinci Qarabağ Savaşından sonra qarşıya qoyduğu məqsədlərə çatması fonunda sözün həqiqi mənasında tarixi səfər və tarixi sənədlərin imzalanması kimi Azərbaycan tarixinə düşmüş oldu, Azərbaycan diplomatiya tarixinə düşmüş oldu və bir mənalı olaraq demək olar ki, bu missiyanın əsas həm meyarı, həm də iştirakçısı və əsas aparıcı qüvvəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Çünki bu müqavilələrin imzalanması üçün bir zəmin yaradılmalı idi ki, bu zəmində Azərbaycan Prezidenti, Azərbaycan dövləti, Azərbaycan ordusu tərəfindən yaradılmış oldu.
Bu, 2020-ci ildə əldə edilmiş möhtəşəm qələbə və onun ardınca 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi çox böyük uğur idi, cəbhədə əldə edilmiş böyük uğur idi və Azərbaycanın terrorçuluğa və separatizmə qarşı əldə etdiyi bu qələbə əslində bütün dünya üçün bir Azərbaycan nümunəsi yaratmış oldu. 2020-ci il İkinci Qarabağ Savaşında əldə edilmiş möhtəşəm qələbədən sonra Azərbaycan tərəfi Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı müraciət etdi və bu sülh müqaviləsinin beynəlxalq hüququn 5 baza prinsipi əsasında imzalanması təklifi verildi. Təəssüflər olsun ki, bu illər ərzində Ermənistan növbəti dəfə bir çox məsələlərdə qeyri-konstruktivlik nümayiş etdirdi, öz ağalarının, havadarlıq edənlərin diqtəsi ilə prosesdən yayınmağa, özünün xeyrinə olan məqamları və qəbul edilməyəcək məqamları diqqətə gətirməklə, əslində prosesi uzatmağa nail olurdu. Nəticə etibarilə Azərbaycanın haqlı mövqeyi ilə barışmalı oldu və bu mövqe elə bir mövqedir ki, reallıq da Azərbaycan tərəfindən elə bir formada dəyişdirilib ki, artıq ABŞ kimi dünyanın bir nömrəli dövləti də bu reallığı və Azərbaycanın yaratmış olduğu yeni reallığı qəbul etmiş oldu".
"Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp bir təşəbbüslə çıxış etdi və Çərçivə Müqaviləsinin Vaşinqtonda imzalanması ilə bağlı tərəflərə müraciət etdi. Nəticə etibarilə 8 avqustda Vaşinqtonda Çərçivə Müqaviləsi imzalandı. Eyni zamanda Azərbaycanın uzun illər ərzində haqsız olaraq Azərbaycana tətbiq edilmiş, bu və ya digər formada əziyyət çəkdiyimiz 907-ci düzəliş artıq tarixin arxivinə göndərilmiş oldu. Eləcə də ABŞ ilə strateji müttəfiqlik haqqında bir sənəd imzalanmış oldu və Azərbaycan tərəfinin, Azərbaycanın, Azərbaycan Prezidentinin ideya müəllifi olduğu Zəngəzur dəhlizində – nə adlanmağından asılı olmayaraq – yeni kommunikasiya qovşağının açılması ilə bağlı konkret addımlar atılmış oldu. Eləcə də bir çox digər məsələlərin artıq uzlaşması prosesi baş verdi ki, bu kontekstdə təbii ki, ciddi dönüş nöqtəsi hesab etmək olar. 8 avqustda imzalanmış sənədləri həm Azərbaycan-Ermənistan münasibətləri fonunda, eləcə də Azərbaycan-ABŞ münasibətləri fonunda yeni bir səhifə açılıb demək mümkündür. Həmçinin, region üçün yeni bir səhifə açılıb demək mümkündür və ən əsası da bu kommunikasiya qovşağının açılması ilə bağlı razılaşmanın əldə olunması və bölgədə Azərbaycan və Ermənistan arasında nəhayət ki, sülhə nail olunmasıdır. Ermənistanın qarşısına Azərbaycan elə əvvəldən tələb etdiyi bir sıra şərtlər qoyubdur ki, Azərbaycan tərəfi və cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistana “ev tapşırığı” verilib və bunlar da həyata keçirilməlidir. Azərbaycana qarşı ərazi iddiaları qaldırılmalıdır, ATƏT-in Minsk qrupunun mövcudluğuna son qoyulması ilə bağlı tərəflər birgə müraciət imzaladılar. Bu proseslər ABŞ Prezidentinin bilavasitə iştirakı və zəmanətçi olması ilə baş tutmalıdır. Təbii ki, bütün bu imzalanan sənədlər Azərbaycanın haqlı, ədalətli, beynəlxalq hüququn normal prinsiplərinə əsaslanan tələbləri idi ki, bunların hər biri yerinə yetmiş oldu. Nəticə etibarilə onu demək mümkündür ki, bu imzalanmış sənədlərə riayət olunacaqsa, artıq Ermənistanın o "ev tapşırıqlarını" lazımi səviyyədə yerinə yetirəcəksə, təbii ki, sülh müqaviləsinin imzalanması da yaxındadır və kommunikasiya qovşağının açılması və nə adlandırılacağı gündəmdədir. Bütün bunlarla da təbii ki, regiona davamlı sülh və sabitlik gələcək", - deputat əlavə olub.
O bildirib ki, region ölkələri, həmçinin də ABŞ, Böyük Britaniya, Çin və dünyanın digər əsas aparıcı dövlətləri, həmçinin də qeyd etdiyim kimi, region ölkələri bu kommunikasiya qovşağının açılmasından çox böyük iqtisadi dividentlər əldə edəcəklər, siyasi dividentlər də əldə edilmiş olacaq, xüsusilə də region ölkələri üçün: "Çünki nəticədə regiona sülh gələcək, bütün bu imzalanan sənədlər reallaşacaqsa, təbii ki, regionun inkişafına xüsusilə də mühüm və müsbət mənada öz təsirini göstərmiş olacaq. Bu kontekstdə təbii ki, Baş nazir Əli Əsədovun dediyi fikirlərdə çox böyük həqiqət var və bu həqiqətlər əvvəlcədən də Azərbaycan Prezidentinin yönləndirdiyi istiqamətdə gedir deyə reallaşması çox da uzaqda deyil. Azərbaycanın regionun əsas güc və söz sahibi olması da artıq ABŞ tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin orada hansı səviyyədə qəbul edilməsi, xoş sözlərin deyilməsi bu, əslində Azərbaycan Prezidentinə göstərilən hörmət və ehtiramla yanaşı, eyni zamanda Azərbaycan dövlətinə, Azərbaycan xalqına göstərilən hörmət və ehtiramdır ki, bunu da biz öz gücümüzü, öz siyasi iradəmizi ortaya qoyaraq əldə etmişik. Bundan da yalnız və yalnız qürur və fəxr hissləri keçiririk. Azərbaycan dövlətinin vətəndaşları olaraq, kimliyimizdən asılı olmayaraq bu hissləri yaşayırıq”.
Nicat Rüstəmzadə
17:25 27.08.2025
Oxunuş sayı: 1302