10 oktyabr Psixi sağlamlıq günüdür
Ümumdünya Psixi Sağlamlıq Günü 1992-ci ildən etibarən hər il oktyabrın 10-da qeyd olunur. Bu əlamətdar günün əsas məqsədi psixi sağlamlığın insan həyatındakı əhəmiyyətini vurğulamaq, əhalinin psixoloji rifahı ilə bağlı məlumatlılığını artırmaq və psixi sağlamlıq problemlərinə münasibətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə verməkdir. Psixi sağlamlıq insanın ümumi sağlamlığının mühüm tərkib hissəsidir. Bu anlayış yalnız psixi xəstəliklərin olmaması deyil, insanın emosional, sosial və psixoloji baxımdan sağlam fəaliyyət göstərə bilməsidir.
Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur.
Psixologiya nisbi elmdir. Riyaziyyatda 2*2 =4 etdiyi halda, psixologiyada bu iafadənin cavabı 4 etməyə də bilər. Buna səbəb olaraq insanın hadisə və proseslərə münasibəti və yanaşmasını, davranış və düşüncə fərqliliklərini, eyni zamanda dünyagörüşüşünü qeyd edə bilərik.
Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial dəyişikliklər, işdə stres vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da psixi sağlamlığın pozulmasını şərtləndirən amillərə aid edilir. Müasir dövrdə stress, informasiya yükü, akademik və sosial təzyiqlər psixoloji rifaha ciddi təsir göstərə bilər. Xüsusilə tələbəlik dövründə akademik məsuliyyət, gələcəklə bağlı narahatlıq və sosial münasibətlər müxtəlif psixoloji çətinliklər yarada bilər.
Bu baxımdan universitet mühiti yalnız bilik verən deyil, həm də psixoloji rifahı dəstəkləyən təhlükəsiz və sağlam mühit olmalıdır. Psixi sağlamlığın qorunmasında üç məsələ xüsusilə vacibdir: maarifləndirmə, profilaktika və vaxtında psixoloji dəstək.
Psixoloji maarifləndirmə hər şeyin əsasını təşkil edir. Düşünürəm bütün problem və xəstəliklərin səbəbləri araşdırılıb təhlil olunarkən ilk öncə psixoloji məsələlər ön plana çəkilir. Psixoloji sağlamlıq maariflənmə işləri ilə mütənasiblik təşkil edir. Müəllim və psixoloq olaraq vəzifə öhdəliklərimizin çox hissəsini məhz maarifləndirmə təşkil edir. Hazırki dövrdə elm və texnikanın inkişafı nə qədər yüksələn xətlə inkişaf etsə də, psixoloji biliklərə olan tələbat və ehtiyac bir o qədər artır.
Psixi sağlamlığı yaxşılaşdıran 10 əsas amil movcuddur .
1. Fiziki aktivlik. Gəzinti, üzgüçülük, rəqs və digər fiziki fəaliyyətlər əhval-ruhiyyənin yaxşılaşmasına, gərginliyin azalmasına və yuxunun tənzimlənməsinə kömək edə bilər.
2. Keyfiyyətli yuxu Yuxu diqqətə, yaddaşa, emosiyaların tənzimlənməsinə və stressə davamlılığa təsir göstərir.
3. Balanslı qidalanma Müxtəlif tərəvəzlər, meyvələr, tam taxıllar, zülal mənbələri və faydalı yağlarla zəngin qidalanma ümumi sağlamlığı dəstəkləyir.
4. Sağlam sosial münasibətlər Etibarlı insanlarla ünsiyyət, dinlənilmək və emosional dəstək hissi tənhalığın azalmasına kömək edə bilər.
5. Stressin idarə olunması Nəfəs məşqləri, meditasiya, diqqəti indiki ana yönəltmə və istirahət gərginliyin azaldılmasına kömək edə bilər.
6. Sevimli fəaliyyətlər və hobbilər Kitab oxumaq, musiqi dinləmək, rəsm çəkmək, yemək bişirmək və təbiətdə vaxt keçirmək istirahətə və müsbət emosiyalara şərait yaradır.
7. Emosiyaları tanımaq və ifadə etmək Kədəri, qorxunu, qəzəbi və narahatlığı inkar etmək əvəzinə onları anlamaq emosional özünütənzimləməni inkişaf etdirə bilər.
8. Məqsəd və gündəlik rejim Realist məqsədlər, nizamlı gündəlik rejim və iş-istirahət balansı nəzarət və istiqamət hissini gücləndirə bilər.
9. Peşəkar psixoloji dəstək Uzun müddət davam edən narahatlıq, ümidsizlik, yuxu pozuntuları və gündəlik fəaliyyətlərdə çətinlik olduqda psixoloqa və ya ehtiyac yarandıqda psixiatra müraciət etmək faydalıdır.
İnsan öz emosional vəziyyətini tanımalı, stressi idarə etməyi öyrənməli və ehtiyac yarandıqda mütəxəssisə müraciət etməkdən çəkinməməlidir. Hər birimiz psixi sağlamlığın qorunmasına töhfə verə bilərik: bir-birimizi dinləməklə, anlayış göstərməklə, stereotipləri azaltmaqla və dəstəyə ehtiyacı olan insanı tək buraxmamaqla.
Sonda qeyd etmək istəyirəm ki, psixi sağlamlıq yalnız fərdin deyil, sağlam cəmiyyətin də əsas göstəricilərindən biridir. “İnsanın sağlamlığı yalnız bədəninin deyil, ruhunun da qayğıya ehtiyacı olduğu zaman bütövləşir.” Gəlin, psixi sağlamlığı qorumağı özümüzə, bir-birimizə və cəmiyyətimizə qarşı məsuliyyətimiz hesab edək.
ADPU Quba filialının Psixoloji Dəstək Xidmətinin rəhbəri, psixologiya müəllimi
Fatiməxanım Qasımova
20:06 09.10.2026
Oxunuş sayı: 55