ABŞ-də sərnişinin hava limanında törətdiyi hadisə uçuşları pozdu
ABŞ-də “Delta Air Lines” sərnişini hava limanında baqaj daşıyan texnikanı qaçıraraq başqa avtomobillə toqquşub, daha sonra isə xidməti maşını ələ keçirməyə cəhd edib.
Crossmedia.az xəbər verir ki, “CNN” telekanalı bu hadisə barədə məlumat yayıb.
Hadisə oktyabrın 6-da axşam saatlarında Kaliforniya ştatının Orinc dairəsində yerləşən Con Ueyn hava limanında baş verib. Sietla uçmalı olan 26 yaşlı Cey Barr terminaldan çıxaraq baqaj qoşqularının və təyyarələrin yerdə hərəkəti üçün istifadə edilən dartıcı texnikanı qaçırıb.
O, 7 nömrəli darvazaya çatarkən başqa avtomobillə toqquşub, daha sonra “American Airlines” şirkətinin təmizlik xidmətinə məxsus avtomobili qaçırmağa çalışıb. Barr hava limanı polisi tərəfindən saxlanılıb.
Təhlükəsizlik qaydalarının pozulması səbəbindən aerodromda təyyarələrin hərəkəti demək olar ki, dayanıb. Xilasedicilər uçuş-enmə zolağına aparan hərəkət yolunu qalıq və digər təhlükələrə görə yoxladıqdan sonra uçuşlar bərpa edilib.
Orinc dairəsi şerif idarəsinin məlumatına görə, kişiyə avtomobil oğurluğu, qanunsuz əraziyə daxil olma və vandalizm ittihamları irəli sürülüb. O, hazırda həbsdə saxlanılır.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının hava limanına hücum zamanı sərnişin təyyarəsinin pilotunun həlak olduğu bildirilmişdi.
21:27 09.10.2026
Oxunuş sayı: 66