Məşhur musiqiçidən ayılar üçün piano konserti
“YES” qrupunun keçmiş üzvü Rik Ueykman Vyetnamın Tam Dao Milli Parkında yerləşən “Animals Asia” sığınacağında xilas edilən 150 ayı üçün canlı piano konserti verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat beynəlxalq heyvanların müdafiəsi ilə bağlı yayılan məlumatda yer alıb.
Ueykman Asiya qara ayılarının üzləşdiyi problemlərə diqqət çəkmək məqsədilə sığınacağın ərazisində, heyvanların saxlanıldığı sahənin yaxınlığında qurulmuş royalda özünün həzin və melodik əsərlərini ifa edib.
Konsertin əsas məqsədlərindən biri öd kisəsindən ödün çıxarılması üçün istifadə olunan qanunsuz fermalarda hələ də qəfəslərdə saxlanılan 125 ayının taleyinə diqqət çəkmək olub. Məlumata görə, bu təsərrüfatlarda hər ay təxminən dörd ayı tələf olur. Ənənəvi təbabətdə istifadə etmək üçün heyvanların ödü ağrılı üsullarla əldə edilir.
2016-cı ildən xilas edilmiş ayılara dəstək verən və heyvanların rifahının müdafiəsi ilə məşğul olan Ueykman onların məruz qaldığı qəddar şəraitdən ciddi narahatlığını bildirib.
Musiqiçi Vyetnam hökumətini əsirlikdə saxlanılan ayıların qısa müddətdə xilas edilməsinə çağırıb. O, heyvanların gec olmadan sığınacaqda geniş ərazidə yaşamaq və lazımi qayğı ilə təmin olunmaq imkanı əldə etmələrinin vacibliyini vurğulayıb.
02:33 10.10.2026
Oxunuş sayı: 52