Kanadada süni intellektə güvənən yeniyetmə dağda ilişib qaldı
Kanadada süni intellektin köməyi ilə marşrut planlaşdıran 16 yaşlı yeniyetmə dağda təhlükəli vəziyyətə düşüb və xilasedicilər tərəfindən helikopterlə təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, “NSN News” nəşri bu barədə məlumat yayıb.
Yeniyetmə səhər saat 08:00 radələrində Kanadadakı Kroun dağına qalxmağa başlayıb. O, marşrutunu süni intellekt vasitəsilə planlaşdırıb. Lakin süni intellektin təklif etdiyi istiqamət onu təhlükəli yola yönəldib və yeniyetmə dağın qayalıq hissəsində köməksiz vəziyyətdə qalıb.
Axtarış-xilasetmə qrupunun rəhbəri Pol Markinin sözlərinə görə, yeniyetmə çox qorxmuşdu və həyatı uğrunda mübarizə aparırdı.
Xilasetmə xidmətinə hadisə barədə saat 15:30 radələrində məlumat verilib. Əməkdaşlar yeniyetmə ilə əlaqə saxlayaraq onun yerini dəqiqləşdiriblər. Daha sonra o, helikopterlə təhlükəsiz əraziyə çatdırılıb. Xilasetmə əməliyyatı saat 18:30-da başa çatıb.
Qeyd edək ki, daha əvvəl ABŞ-də turistlər süni intellektin verdiyi tövsiyələrə əsasən dağa qalxarkən marşrutdan azıblar. Həmin hadisədə turistlərdən biri xəsarət alıb.
21:56 09.10.2026
Oxunuş sayı: 53