ABŞ investorlarının layihəyə cəlb olunması Zəngəzur dəhlizinin tez bir zamanda açılmasına səbəb olacaq – Deputat

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.
Dövlət başçısı müsahibəsində Naxçıvana yolun inşasını ABŞ investorlarının həyata keçirə biləcəyini qeyd edib:
"Prezident Donald Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə yaxın zamanlarda reallaşacaq. Fiziki infrastrukturun, xüsusilə dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər bu işləri biz özümüz həyata keçirsək, bir il ərzində tamamlaya bilərik. Ermənistan üçün isə daha çox vaxt lazım ola bilər, çünki bu sahədə bizim təcrübəmiz daha genişdir. Hələlik qərar verilməyib, lakin layihənin ABŞ investorları tərəfindən həyata keçirilməsi mümkündür", – deyə Prezident İlham Əliyev bildirib.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclsin deputatı Vüqar Bayramov layihənin ABŞ şirkətləri tərəfindən icra olunmasının Azərbaycanın ayrılmaz hissəsi Naxçıvanın tez bir zamanda birləşdirəəyini qeyd edib.
"Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı birləşdirəcək dəhlizin ABŞ şirkətləri tərəfindən inşa olunması gözləniləndir. Vaşinqtonda əldə edilən razılaşmadan sonra Amerika investisiyalarının regiona, xüsusilə Qərbi Zəngəzura yatırılması planlaşdırılır. ABŞ-ın Ermənistan ərazisindən keçən hissəni 99 illik icarəyə götürməsi, həmin hissənin Amerika sərmayəsi hesabına müasir standartlara uyğun inşası və qısa zamanda istifadəyə verilməsi deməkdir. Bu, təbii ki, Zəngəzur dəhlizinin reallaşmasını sürətləndirəcək. Hazırda dəhlizin avtomobil yolu hissəsinin 95 faizi tamamlanmaq üzrədir, dəmir yolu isə növbəti il istifadəyə veriləcək. Paralel olaraq Ermənistan ərazisindən keçən hissədə ABŞ investorlarının cəlb edilməsi işlərin sürətlənməsinə imkan verəcək. Nəticədə qısa müddətdə Naxçıvanla quru əlaqə bərpa olunacaq və Türk dünyası Zəngəzur dəhlizi vasitəsilə birləşəcək", – deyə deputat vurğulayıb.
Elmir Heydərli
14:32 27.08.2025
Oxunuş sayı: 991