"Trampın jesti İlham Əliyevin qlobal liderliyinin etirafıdır" -RƏY

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını ifadə edib. Bu i, bu barədə dövlət başçısı "X" sosial səhifəsindəki hesabında paylaşım edib.
"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm", - paylaşımda deyilir.
Qeyd edək ki, fotoşəklin üzərində bu sözlər yazılıb: "Ilham, You are Great Leader" ("İlham, Siz böyük lidersiniz").
Əvvəl də dediyimiz kimi, avqustun səkkizində Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılıqlar nəticəsində regionda yeni reallıqlar yarandı. Bu yeni “oyun qaydaları”nın formalaşmasında Ağ Ev rəhbəri Donald Trampın mühüm rol oynadı. Faktiki olaraq ABŞ-nin səyləri nəticəsində bölgədə sülh təmin olundu.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, ABŞ prezidentinin belə bir mesaj və fotoşəkil göndərməsi kifayət qədər maraqlı hadisədir: “Bu, ilk növbədə onu göstərir ki, ABŞ prezidenti Azərbaycan prezidentinə və onun fəaliyyətinə böyük önəm verir və onu həqiqətən də böyük bir lider adlandırır. Çünki Cənab İlham Əliyev bu statusa layiqdir. Cənubi Qafqazda prosesləri dəyişən, Vətən müharibəsində qələbə qazanan və həmin qələbəni diplomatik müstəvidə təsdiqləyən yeganə lider məhz İlham Əliyevdir. Ona görə də Trampın dediyi sözlər həm reallığa uyğundur, həm də ABŞ tərəfindən Cənab Prezidentin dünyada oynadığı rolun bir növ etirafıdır”.
Deputatın sözlərinə görə, avqustun 8-də keçirilən Vaşinqton görüşü, bu görüş zamanı imzalanan ikitərəfli sənədlər və xüsusilə Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsinin paraflanması birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır: "Əgər Cənab Prezident buna razılıq verməsəydi, heç bir halda Tramp və ya başqa bir prezident bu prosesə nail ola bilməzdi. İlham Əliyevin siyasi iradəsi və həyata keçirdiyi işlər nəticəsində Vaşinqton görüşü baş tutdu və tarixi sənəd imzalandı. Bu sənəd həm Azərbaycana, həm Ermənistana, həm bölgəyə, həm də geniş coğrafiyaya yeni imkanlar açdı. Eyni zamanda bu, Amerikanın da maraqlarına uyğundur və Tramp bunu dəfələrlə qeyd edib”.
Parlamentari əlavə edib ki, mesajın digər səbəbi bundan sonrakı proseslər və geosiyasi əlaqələrin inkişafı ilə bağlıdır:
“Azərbaycanla ABŞ arasında əlaqələr daha da inkişaf edir. Təsadüfi deyil ki, avqustun 8-də münasibətlərin strateji səviyyəyə yüksəldilməsi üçün işçi qrupu yaradıldı. Hazırda bu qrup intensiv işləyir və Azərbaycan–ABŞ əməkdaşlığında yeni səhifə açılır. Məhz buna görə də, gələcək strateji əməkdaşlıqda Cənab Prezidentin rolunu və missiyasını qiymətləndirmək üçün ABŞ prezidentinin belə bir jest etməsi zəruri idi. Bu, hər iki ölkənin milli maraqlarına tam uyğundur. Bu sözlər sadə ifadələr deyil, Cənab Prezident İlham Əliyevə verilən böyük qiymətdir. Hesab edirəm ki, Cənab Prezident bu lider adını çoxdan haqq edib. Sevindirici haldır ki, bunu dünyanın bir nömrəli ölkəsinin prezidenti xüsusi vurğulayıb və tarixə həkk etdirib. Mən bunu yüksək qiymətləndirirəm”.
Mehriban Yariyeva
16:49 26.08.2025
Oxunuş sayı: 3171