Dauti Bakıda Britaniya şirkətləri ilə Orta Dəhlizin inkişafını və investisiya imkanlarını müzakirə edib

Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycana səfəri çərçivəsində ölkədə fəaliyyət göstərən Britaniya şirkətlərinin nümayəndələri ilə görüşündə yeni investisiya imkanlarını müzakirə edib.
Bu barədə Crossmedia.az-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
S.Dautinin birgünlük səfəri zamanı Britaniyanın Azərbaycandakı biznes icmasının nümayəndələri ilə işgüzar nahar təşkil olunub.
Qeyd olunub ki, görüş iştirakçıları investisiya və strateji tərəfdaşlıqla bağlı geniş imkanları müzakirə ediblər. Bu müzakirələrdə Azərbaycanın enerji sahəsində regional lider kimi rolu və ölkənin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı üçün müstəsna potensialı mühüm yer tutub.
S.Dauti Britaniya şirkətlərinin Azərbaycan bazarında malik olduğu möhkəm mövqeyini qeyd edib:
"BP-nin buradakı uzunmüddətli mövcudluğu yaxşı məlumdur, lakin mən ekoloji cəhətdən təmiz enerji, infrastruktur və peşəkar xidmətlər sahəsində yeni tərəfdaşlıqlara da şadam. “Chapman Taylor”un (memarlıq-planlaşdırma şirkəti - red.) Şuşa və Naxçıvandakı işi, həmçinin aviasimulatorların ixracının maliyyələşdirilməsinə dair uğurlu sövdələşmə Böyük Britaniyanın təcrübəsinin Azərbaycanın gələcəyini formalaşdırmağa necə kömək etdiyini nümayiş etdirir".
14:21 26.08.2025
Oxunuş sayı: 822