"Gələcəkdə əldə olunacaq böyük zəfərlərdə də Mehriban xanımın imzası olacaq" -DEPUTAT

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür. Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, eləcə də humanitar, mədəni və sosial sahələrdə fəal fəaliyyəti ilə tanınır. O, xüsusilə təhsil, səhiyyə və mədəniyyət layihələrinin reallaşdırılmasında böyük rol oynayır və bu sahələrdə bir çox beynəlxalq təşəbbüslərin təşkili ilə diqqət çəkir.
Mehriban Əliyeva həm də ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində fəal iştirak edir, Azərbaycanda humanitar əməkdaşlığın inkişafına töhfə verir və müxtəlif sosial proqramların həyata keçirilməsinə rəhbərlik edir. Onun təşəbbüsləri, xüsusilə uşaqların və gənclərin inkişafı, sağlamlıq və təhsil sahələrində əhəmiyyətli nəticələrə gətirib çıxarıb.
Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyəti barədə Crossmedia.az-a danışıb.
O, Mehriban Əliyevanın sosial layihələr vasitəsilə bütün insanların nicat qapısına çevrildiyini bildirib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan dövlətinin həyata keçirdiyi bütün uğurlu layihələrin əsas və aparıcı qüvvələrindən biridir, cənab prezidentlə çiyin-çiyinə Azərbaycanın inkişafında və Azərbaycan xalqının rifahının gücləndirilməsində çox böyük əməyi var. 44 günlük Vətən müharibəsi bitdikdən sonra cənab prezidentlə birlikdə işğaldan azad edilmiş torpaqlara səfər etdiyi andan etibarən Qarabağın yenidən qurulması, dirçəlməsi, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurdakı tarixi memarlıq abidələrinin restavrasiya olunması, əvvəlki görkəminə qaytarılması və hər bir daşa incə yanaşaraq tariximizin yenidən bərpa edilməsinə çox böyük səylər göstərmişdir və bütün proseslərdə də əməyi vardır. Eyni zamanda Vətən müharibəsinə qədər Azərbaycanın mədəniyyətinin dünyada tanıdılması və bir çox sosial layihələrin uğurla həyata keçirilməsi, bir çox humanitar layihələrin Azərbaycan adına beynəlxalq səviyyədə reallaşdırılması məhz Mehriban xanımın adı ilə bağlıdır. Həmçinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə də Mehriban xanım çox uğurla rəhbərlik etmişdir. Bu tədbirlər də Azərbaycanın nüfuzunu qat-qat artırmışdır".
"Bununla yanaşı, həm birinci Qarabağ müharibəsi, həm də ikinci Qarabağ müharibəsində bizim çoxlu şəhidlərimiz olub. Allah şəhidlərimizə rəhmət eləsin. Eyni zamanda qazilərimiz var. Şəhid ailələrinin sosial təminatının qarşılanması, qazilərimizin sağlamlığının qorunub-saxlanılması üçün həyata keçirilən bütün sosial proqramlarda da birbaşa Mehriban xanım özü iştirak edir. Bir sözlə, Mehriban xanım Əliyeva bu günə qədər əlindən nə gəlirsə Azərbaycan üçün edib və Azərbaycanın nüfuzunun artırılmasına qat-qat öz töhfəsini verib. Çoxlu sosial layihələr keçirərək sosial qayğıya ehtiyacı olan, yaş fərqi olmadan, bütün insanların nicat qapısına çevrilib. Bu əlamətdar gündə — Mehriban xanımın doğum günündə bütün seçicilərimiz adından onu ürəkdən təbrik edirik və inanırıq ki, bu gündən sonra da bütün bu işləri uğurla davam etdirəcək. Azərbaycan xalqının sosial rifahının gücləndirilməsi üçün cənab prezidentlə birlikdə əl-ələ verib bu uğurlu layihələri davam etdirəcək. Və gələcəkdə əldə olunacaq böyük zəfərlərdə, qələbələrdə indi olduğu kimi, Mehriban xanımın imzası olacaq”.
Nicat Rüstəmzadə
13:02 26.08.2025
Oxunuş sayı: 1182