Azərbaycan-Ukrayna münasibətləri: Strateji əməkdaşlıq və davamlı dəstək

Ukraynanın müstəqilliyinin 34-cü ildönümü qeyd olunan bir dövrdə ölkə, tarixi və bu günkü çətinliklər fonunda öz suverenliyini və ərazi bütövlüyünü qorumağa davam edir. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bildirib ki, ölkə beynəlxalq hüququn, BMT Nizamnaməsinin və beynəlxalq arenada suverenlik prinsiplərinin müdafiəsində fəal rol oynayır. Eyni zamanda, Ukrayna beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirir, humanitar və energetika sahələrində Azərbaycanın dəstəyi ilə qarşılıqlı faydalı layihələr həyata keçirir. Bu kontekst Ukrayna-Azərbaycan münasibətlərinin həm strateji, həm də praktiki əhəmiyyətini ortaya qoyur.
Mövzu ilə bağlı Milli Məclisin sabiq deputatı, tanınmış ictimai-siyasi xadim, iqtisadçı-alim Vahid Əhmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Ukrayna münasibətləri ümumiyyətlə həmişə yüksək səviyyədə olub: "Azərbaycan müstəqillik elan etdikdən sonra Ukrayna ilə çox ciddi iqtisadi və siyasi əlaqələr qurub. Son vaxtlar isə bu əlaqələr daha da genişləndirilib. Xüsusilə Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra bu əlaqələrə daha çox üstünlük verilib. Azərbaycan dövləti Ukraynanın ərazi bütövlüyünü tanıyır. Yəni Rusiya ilə Ukrayna arasında gedən müharibəyə baxmayaraq, Azərbaycan həmişə rəsmi Kiyevə dəstək göstərir və humanitar yardımlar edir. Elə bu yaxınlarda da cənab Prezidentin göstərişi ilə humanitar yardım göndərilib. Energetika sahəsində Azərbaycanla Ukrayna arasında çox ciddi əlaqələr mövcuddur. Bilirik ki, Azərbaycan neft və qazın ixracının və emalının böyük hissəsini Ukrayna vasitəsilə həyata keçirir. Orada SOCAR-ın filialları fəaliyyət göstərir. Bundan başqa, qaz-kompressor stansiyaları da işləyir. Son vaxtlar Azərbaycan - Rusiya müəyyən qədər soyuqdur. Bununla əlaqədar Rusiya bəzi hücumlar həyata keçirib. Həmin hücumlar nəticəsində SOCAR-ın bəzi obyektlərinə, o cümlədən qaz-kompressor stansiyasına zərər dəyib".
Müsahibimizin fikrincə, Azərbaycan-Ukrayna iqtisadi və siyasi əlaqələri həmişə yüksək səviyyədə inkişaf edəcək: "Mənim yadıma gəlir ki, 1992-ci ildə Azərbaycanda islahatlar və iqtisadi inkişaf dövründə, mən Baş nazirin birinci müavini idim, Ukrayna bizə çox ciddi yardım göstərmişdi. O zaman kifayət qədər texnika və silah-sursatı oradan alaraq Azərbaycana gətirmişdik. Yəni bu münasibətlər böyük əhəmiyyət kəsb edir. Əlbəttə, Azərbaycan energetika sahəsində irəli gedən bir dövlət olduğu üçün əsas gəlirləri neft və qazla əlaqədardır. Bu səbəbdən ixrac əməliyyatları və emal sahələri də böyük əhəmiyyət daşıyır. Bu sahədə də hesab edirəm ki, Ukrayna öncül mövqedədir. Yenə deyirəm, Rusiyanın müəyyən obyektləri vurmasına baxmayaraq, Ukraynada bu sahələr təmin ediləcək. Azərbaycan Ukrayna vasitəsilə öz qazını, neftini və digər məhsullarını xarici dövlətlərə çıxaracaq. Beləliklə, Azərbaycan-Ukrayna münasibətləri yüksək səviyyədə davam edir".
Mehriban Yariyeva
14:33 25.08.2025
Oxunuş sayı: 1489