SOS: “ İndi normal fizioloji hamiləlik tapmaq çox çətindir”

“Azərbaycanda uşaqlar” adlı statistik məcmuəyə əsasən, 2024-cü ildə Azərbaycanda 549 körpə ölü doğulub ki, bu da ölkədə perinatal dövrdəki sağlamlıq problemlərinin və səhiyyə sisteminin qarşılaşdığı çağırışların aktuallığını bir daha ortaya qoyur. Bu rəqəm, həmçinin ana və uşaq sağlamlığının qorunması, doğuş zamanı risklərin azaldılması və səhiyyə infrastrukturunun təkmilləşdirilməsi kimi məsələlərdə daha səmərəli tədbirlərə ehtiyac olduğunu göstərir. Azərbaycanın demoqrafik inkişafı və əhalinin rifahı baxımından bu statistika, səhiyyə siyasətinin prioritetlərinin yenidən qiymətləndirilməsi və körpə ölümlərinin qarşısının alınması üçün kompleks yanaşmanın zəruriliyini vurğulayır. Bu körpə ölümlərinin kökündə dayanan əsas səbəblər nələrdir? Buna qarşı hansı tədbirlər görülə bilər?
Mövzu ilə bağlı səhiyyə eksperti Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:
“Düşünürəm ki, bu, bir sıra səbəblərə bağlıdır. İndi normal fizioloji hamiləlik tapmaq çox çətindir. Ya hamilələrin şəkərə diabetə olan meyili, gestogen faktorlar və ananın da öz xəstəlikləri məsələdə həlledici rol oynayır. Əvvəlcə hamilənin bu prosesə uyğun olub olmaması yoxlanılmalıdır. Yalnız uyğun olarsa, sağlam uşaq dünyaya gətirmək ehtimalı yüksəkdir. Dünyanın hər yerində bu cürdür. Hamilə qadın da müəyyən nəzarət altında olmalıdır. Konkret nəzarət sxemi var ki, qadın onunla mütəmadi olaraq yoxlanılır və tədbirlər görülür. Belə olan halda körpə ölümləri də azala bilər. Bizdə adətən hamilə son aylarda- doğuş prosesini həyata keçirmək üçün həkim axtarır. Orqanizmdə problem olursa ya körpə tələf olur, ya ana həyatını itirir. Əsas səbəb hamiləliyin əvvəldən düzgün planlanmamasıdır”.
Ayhan
18:55 19.08.2025
Oxunuş sayı: 788