Azərbaycan - Ukrayna əməkdaşlığına Rusiya necə reaksiya verəcək? - RƏY
Ukraynanın energetika naziri Svetlana Qrinçuk deyib ki, ölkəsi Azərbaycanla təbii qazın yeni tədarükü ilə bağlı danışıqlar aparır.
"Ukrayna Azərbaycanla təbii qazın yeni tədarükü ilə bağlı danışıqları davam etdirir, eləcə də qeyri-rezidentlər tərəfindən Ukraynanın yeraltı anbarlarına qazın vurulması imkanını və Ukrayna-ABŞ Bərpa Fondu çərçivəsində hasilat sahəsində əməkdaşlığı müzakirə edir", - Qrinçuk bildirib.
"Danışıqlar aparırıq, azərbaycanlılar bunda maraqlıdırlar", - nazir əlavə edib.
O, yeni tədarüklərin istilik mövsümündən əvvəl baş tuta biləcəyini ehtimal edib.
S. Qrinçuk həmçinin bildirib ki, qeyri-rezidentlər tərəfindən Ukraynanın yeraltı qaz anbarlarına qazın vurulması və Ukrayna-ABŞ Bərpa Fondu çərçivəsində hasilat layihələri ilə bağlı danışıqlar aparılır.
"Biz tərəfdaşlarımızla işləyirik, hazırda tərəfdaş ölkələrin qaz anbarlarından istifadə payını artırmaq üçün bu anbarlarla bağlı layihələr və bərpa fondu çərçivəsində hasilat layihələri üzrə texniki məsləhətləşmələr davam edir", - nazir qeyd edib.
Xəbər verildiyi kimi, bu ilin iyul ayının sonunda "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan qazının alınması haqqında ilk müqaviləni imzalayıb.
"Naftogaz" qeyd edib ki, ilk dəfə olaraq Bolqarıstan - Rumıniya - Ukrayna sərhədi marşrutu üzrə Transbalkan dəhlizi ilə qazın sınaq tədarükü həyata keçirilir.
"Naftogaz Ukrayna" şirkətinin İdarə Heyətinin sədri Sergey Koretskinin sözlərinə görə, söhbət həcmcə kiçik, lakin uzunmüddətli əməkdaşlığa yol açan strateji əhəmiyyətli addımdan gedir.
Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin ilk günündən hər iki tərəflə balanslı münasibətləri onun praqmatik xarici siyasətinin nəticəsidir. Bu əməkdaşlıq Ukraynanın enerji təhlükəsizliyini gücləndirsə də, Rusiyanın son dövrdə Azərbaycana qarşı qeyri-dost addımları, o cümlədən enerji infrastrukturuna hücumlar, bu əlaqələrə kölgə salır. Rusiyanın Azərbaycan-Ukrayna enerji əməkdaşlığına münasibəti gərginliyi artıra bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, müstəqil siyasət yürüdür. Hətta ən çətin zamanlarda, ölkəmizə çoxsaylı təzyiqlərin olduğu bir zamanda həm Ulu Öndərimiz Heydər Əliyev, həm də 2003-cü ildən bugünədək möhtərəm prezidentimiz İlham Əliyev tam müstəqil siyasət həyata keçirir. Bu siyasətin əsas təməl prinsipi Azərbaycanın milli maraqları, heç bir dövlətin daxili işinə qarışmamaq, etibarlı tərəfdaşlıq və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıqdır. Yəni Azərbaycanın hansısa bir dövlətlə əməkdaşlığı başqa bir dövlətin zərərinə xidmət etmir. Azərbaycan-Ukrayna arasında uzun illərin dostluq və strateji əməkdaşlıq mövcuddur. Bu iki ölkə beynəlxalq müstəvidə həm ikitərəfli, həm də çoxtərəfli formatda hər zaman bir-birini dəstəkləmişdir. Bu dost ölkələr GUAM təşkilatının qurucu ölkələridir. Hər ötən müddətdə də bu iki ölkə aralarında olan bu əməkdaşlığı gücləndirir. Bu mənada Kiyevlə Bakı arasında təbii qazın yeni tədarükü məsələsinin müzakirə edilməsi başqa ölkənin necə reaksiya verəcəyindən deyil, iki dost ölkə olan Azərbaycan və Ukrayna arasındakı səmimi və etibarlı əməkdaşlıqdan qaynaqlanır”.
Ayhan
13:46 19.08.2025
Oxunuş sayı: 3362