Sərdar Cəlaloğlu: “LGBT təbliğatı cəmiyyətin mövcudluğuna təhdiddir”
ABŞ və beynəlxalq müstəvidə insan hüquqları, fərdi azadlıqlar və cinsi azlıqların statusu ilə bağlı müzakirələr fonunda Azərbaycanda da analoji məsələlər ətrafında fikir ayrılıqları davam edir. Xüsusilə LGBT fəaliyyətlərinin ictimai aləmdə təbliği, media və informasiya resurslarında məhdudlaşdırılması, eləcə də bu sahədə mümkün inzibati tədbirlərin tətbiqi mövzusu müxtəlif müstəvilərdə qiymətləndirilir. Bir tərəfdən beynəlxalq hüquq və fərdi hüquqların müdafiəsi ön plana çəkilərkən, digər tərəfdən cəmiyyətdə təbliğatın sərhədləri və bunun sosial mühitə təsirləri müzakirə olunur.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, cəmiyyətin saflığını və milli adət-ənənələrini qorumaq dövlətin əsas vəzifələrindən biridir:

"Cəmiyyətin saflığını, əxlaq normalarını və milli adət-ənənələri qorumaq dövlətin əsas məsələlərindən biridir. Onsuz da bir xalqın adət-ənənələrinin əlindən getməsi o xalqın məhv olması deməkdir. Xüsusilə Azərbaycanda xarici güclər "insan hüquq və azadlıqları", "qadın azadlığı" və ya "seksual azadlıq"adı altında yanlış və zərərli təbliğatlar aparırlar. Cəmiyyətin qəbul etdiyi ümumi normalara uyğun hamı yaşamalıdır. Hər kəsin fərdi həyatında nə isə ola bilər, lakin cəmiyyətdə belə şeyləri təbliğ etmək və təşviq etmək cəmiyyətin mövcudluğuna böyük bir təhdiddir. Ona görə də bu cür ciddi qərarların qəbul edilməsini hətta bir qədər gecikmiş hesab edirəm".
S.Cəlaloğlu vurğulayıb ki, beynəlxalq təcrübədə azlıqların hüquqları çoxluğun mənafeinə zidd olmamalıdır:
"Beynəlxalq hüquqda vətəndaşların, o cümlədən cinsi azlıqların da hüquqları var. Amma bu hüquq çoxluğun hüququna zidd olmamalıdır. Beynəlxalq təcrübədə belə qruplar üçün subkultura olaraq ayrıca restoran, bar və ya yığıncaq yerləri olur, lakin bütün bunlar cəmiyyətin digər hissəsi ilə kifayət qədər sərhədlənmiş şəkildə fəaliyyət göstərir. Azlıqların hüquqlarına tolerant yanaşmaq lazımdır, lakin azlıq çoxluğu təhdid edirsə, orada hüquqlar məhdudlaşdırılmalıdır. Xüsusi halların ümumi hal kimi təbliğ edilməsi yanlışdır. Azərbaycan Konstitusiyasında da hüquqlar verilib, lakin bir şəxsin hüququ başqa bir şəxsin hüququnun başladığı yerdə bitir".
Mövzu ilə bağlı sosioloq Kifayət Ağayeva açıqlama verib:

"Hər şeydən əvvəl insanı ilk növbədə insan olaraq görürəm. İnsanlar beyin strukturuna və anadangəlmə xüsusiyyətlərinə görə formalaşırlar ki, bu da dəyişdirilə bilməz. Mənim üçün insanın dini, milləti, irqi və ya cinsi orientasiyası heç bir əhəmiyyət kəsb etmir, əsas odur ki, insan insan olsun. Bütün dünyada və beynəlxalq hüquqda da onların hər biri normal insan kimi qəbul olunublar. Bu insanlara məhdudiyyət qoyulmasının tərəfdarı deyiləm, çünki onların arasında o qədər istedadlı şəxslər var ki... Universitetdə dərs dediyim illərdə də hiss etmişəm ki, aralarında belə insanlar var. Bir insanın istedadını onun cinsi orientasiyasına görə danmaq olmaz. Anadangəlmə və ya sonradan olmasından asılı olmayaraq, bu, həmin insanın seçimidir və ya orqanizminin xüsusiyyətidir. Mən bir vətəndaş olaraq buna məhdudiyyət qoyulmasını qəbul etmirəm, çünki bu, beynəlxalq hüquqa da ziddir. Əgər insan müsbət, xeyirxah və mərhəmətlidirsə, onun LGBT üzvü olub-olmamasının heç bir önəmi yoxdur".
K.Ağayeva vurğulayıb ki, hüquqların tanınması ilə yanaşı, bu məsələnin açıq təbliğat şəklində təqdim olunması yolverilməzdir:
"Bəzi insanlar bunu təbliğat adlandırır. Mən də təbliğat tərəfdarı deyiləm,əgər təbliğat varsa, həmin dəqiqə dayandırılmalıdır. Məsələn, Amerikada Perdyu Universiteti var, orada dərsləri keçən müəllim və professorların hamısı LGBT üzvləridir və açıq təbliğat aparırlar. Mən bunun əleyhinəyəm. Əgər bir insan özünü normal aparırsa, bunu başqalarına sırımağa çalışmırsa, rahat şəkildə insanlarla ünsiyyət qurursa və hüquqları pozmursa, onun cinsi orientasiyasının bizə nə dəxli var? Onlar əhalinin böyük bir qismini təşkil edirlər. Əgər biz bu gün onların istedadından və müsbət keyfiyyətlərindən bəhrələnməsək, elə bil ki, bağınızdakı meyvə ağaclarının 30-40 faizinin dibinə xlor töküb öldürürsünüz. Bir sözlə, insanlara qarşı məhdudiyyətlərin aleyhinəyəm, lakin təbliğatın da tərəfdarı deyiləm".
Fatimə Cabbarlı
17:00 10.10.2026
Oxunuş sayı: 62