Deputatdan müjdə: "Zəngəzur üzərindən Naxçıvana çıxış əldə olunur"

"Bu gün Bakı vaxtı ilə gecə saatlarında Vaşinqtonda Azərbaycan liderinin iştirakı ilə ABŞ və Ermənistan rəhbərlərinin həm ikitərəfli, həm də üçtərəfli çox önəmli tarixi bir görüş keçiriləcək. Bu Azərbaycanın həm 44 günlük Vətən müharibəsində əldə etdiyi nəticənin bütün dünyaya məhz Vaşinqtondan elan edilməsi, həm də Azərbaycanın qələbəsinin bir daha bəyan edilməsi baxımından çox tarixi bir hadisədir. Eyni zamanda 100 ildən çox bir müddətdən sonra ilk dəfə olaraq Azərbaycan Naxçıvanla bir daha quru ərazilərlə birləşmək şansı əldə edir və Azərbaycan prezidenti bunu bacardı. 100 il sonra biz yenidən Naxçıvanla birləşirik".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ABŞ-də keçirilməsi nəzərəd tutulan görüş barədə Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat, həmçinin Azərbaycanın diplomatik qələbəsi hesab etdiyi Azərbaycanın təşəbbüsü və təkidi ilə Ermənistanın artıq ATƏT-in Minsk Qrupundan çıxması ilə bağlı imzalayacağı sənəd barədə mövzuya toxunub: "Bu artıq münaqişənin və onun "vasitəçilik" funksiyasınının tarixin arxivinə getdiyinin göstəricisidir. Sülh müqaviləsinə kimi biz sülh istiqamətində atılacaq addımları gücləndirən və mətbuata yayıldığı bildirilən birgə deklarasiya sənədi çox önəmlidir. Belə ki, bu sənəd Azərbaycan və Ermənistanın sülh istiqamətində irəlilədiklərinin göstəricisidir. Əgər mətbuatda yayılan digər məlumatlara əsasən desək, sülh müqaviləsinin bağlanması sənədinin təqdim edilməsi nəzərdə tutulur ki, bu da sonradan yekun sülh müqaviləsinin imzalanmasına şərait yaradacaq çox önəmli bir sənəddir".
T.Gəncəliyev bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımlar, Azərbaycanın əsas iki istəyinin, yəni Zəngəzur üzərindən Naxçıvana çıxış əldə etməyimiz və ATƏT-in Minsk qrupu həmsədrlik prossesinin tarixə göndərilməsi artıq təsdiqlənir.
Fatimə Məmmədova
16:38 08.08.2025
Oxunuş sayı: 1049