İlham Əliyevlə Paşinyan ABŞ-də hansı sənədə qol çəkəcəklər?: "Rubionun dediklərindən belə çıxır ki..."

ABŞ dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq. Onun sözlərinə görə, ABŞ Prezidenti sülhə sadiqdir və sülhsevər prezident olmaqda qərarlıdır:
"Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşandı. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq. Bu həftənin cümə günü razılaşma imzalamaq və onu sülh sazişinin başlanğıcı etmək üçün burada olacağıq".
Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a açıqlama verib: "Rubionun “Azərbaycanla Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq” fikri onu deməyə əsas verir ki, iki ölkə arasında son və yekun sülh müqaviləsi yox, çərçivə sülh müqaviləsi imzalanacaq. Sonrakı mərhələdə əsas sülh müqaviləsinin bağlanması isə gələn il Ermənistanda keçiriləcək referendumdan sonra olacaq. Belə ki, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiası aradan qaldırılacaq. Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanacaq sənəd, Cənubi Qafqazda uzun illərdir davam edən münaqişənin hüquqi həllinə aparan yolun mühüm mərhələsini təşkil edir”.
Deputat həmçinin bildirib:
“Doğrudur, sülh prosesində ilk addımlar artıq 2020-ci il 10 noyabr bəyanatı, həmçinin Brüssel və Moskva görüşləri ilə atılmışdı. Lakin bu gün imzalanacaq sənəd həmin mərhələləri yekunlaşdıraraq, konkret öhdəlikləri – qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizinin açılması və iqtisadi əlaqələrin bərpası – hüquqi müstəviyə keçirir. ABŞ kimi böyük gücün birbaşa siyasi iradəsi ilə müşayiət olunan bu proses, imzalanan sənədin icra olunma ehtimalını ciddi şəkildə artırır. Əsas məsələ bu öhdəliklərin real həyatda tətbiqi və beynəlxalq təminat mexanizmləri ilə möhkəmləndirilməsidir. Azərbaycan bu sazişin yalnız sənəd üzərində qalmaması, regionda davamlı sülh və əməkdaşlıq mühitinin yaradılması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduğunu daima bildirib”.
Ayhan
16:26 08.08.2025
Oxunuş sayı: 983