"Azərbaycan NATO-ya üzvlüyü qəbul etsə..." - Ekspert

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir. Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır. Bu Azərbaycanın NATO təlimlərində ilk iştirakı deyil. Müntəzəm olaraq Azərbaycan ordusu Alyansın manevrlərində iştirak edir. Bu isə NATO ilə Azərbaycanın hərbi - siyasi əlaqələrini gücləndirməklə yanaşı, həm də inteqrasiya prosesinə töhfə verir.
Bu təlimlərin əhəmiyyəti barədə Crossmedia.az-a danışan hərbi - siyasi ekspert Həşim Səhrablı söyləyib ki, bundan əvvəl də Azərbaycan müxtəlif NATO təlimlərində iştirak edib: "Amma Azərbaycanın NATO-ya qoşulması məsələsi heç vaxt gündəmdə olmayıb. Bunun səbəbi nə hansısa maneədir, nə də hansısa təhlükə. Azərbaycan müstəqilliyinin bərpasından bəri bir şüarla çıxış edir – “balans siyasətini qorumaq” və böyük dövlətlərlə əməkdaşlığı, iş birliyini qorumaq strategiyası. Azərbaycan özünə düşmən qazanmaq istəmir, əksinə qlobal qarşıdurmalarda, münaqişələrdə, ərazi iddialarında tərəfsiz qalmaqla dünyanın dörd bir yerindən tərəfdaş qazanmağa çalışır. Bu siyasətin nəticəsidir ki, Azərbaycan NATO-ya qoşulmaq istəmir. Bizim hərbi sahəni də əhatə əməkdaşlıq və münasibətlərimiz yoxdur. Türkiyə ilə əməkdaşlığımız isə heç kimə yönəlməyib. Azərbaycanın xarici siyasətində hansısa hərbi bloka qoşulmaq ya da qoşulmamaq kimi öhdəliyi də yoxdur. Azərbaycan tam tərəfsiz siyasət aparır. Bu da Azərbaycana daha geniş coğrafiya ilə əlaqə imkanı yaradır. Əgər biz NATO üzvü olmağı qəbul edəriksə, bu o deməkdir ki, biz İran və Rusiya ilə birmənalı düşmən olacağıq”.
Ayhan
15:06 08.08.2025
Oxunuş sayı: 1053