Diqqətli olmalıyıq! : “Rusiyanın Azərbaycana qarşı informasiya müharibəsi daha geniş vüsət alacaq”

Milli Məclisin (MM) Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının son müşahidələri göstərir ki, qonşu dövlətlərdən birinin ərazisindən Azərbaycana qarşı yönəlmiş qeyri-dost fəaliyyətlər, xüsusilə də sosial media platforması olan “Facebook” üzərindən hələ də davam etməkdədir. Bu cür hallar ilk növbədə Azərbaycanın müstəqil siyasət yürütməsi, milli maraqlarına uyğun qərarlar verməsi və regionda artan nüfuzunun bəzi dairələr tərəfindən qəbul olunmaması ilə əlaqəlidir. İnformasiya təhlükəsizliyi baxımından ciddi narahatlıq doğuran bu prosesin qarşısını almaq üçün həm milli səviyyədə hüquqi və texnoloji tədbirlərin gücləndirilməsi, həm də beynəlxalq platformalarda strateji əməkdaşlığın qurulması zəruridir.
Bu barədə Crossmedia.az-a danışan professor Qulu Məhərrəmli deyib ki, bu gün təkcə Milli Məclisin komissiyası yox, bütün dünya görür və müşahidə edir ki, Rusiya Azərbaycana qarşı genişmiqyaslı informasiya savaşı aparır: “Bu, birbaşa düşmənçilik siyasətidir və Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə qarşı təhdidlər doğurur. Bu, qlobal informasiya müharibəsidir. Əsas səbəbi Azərbaycanın regionda müstəqil siyasət yeritməsi, öz müstəqilliyini qorumaq üçün dünya dövlətləri ilə siyasi-iqtisadi əlaqələr qurması, Qərblə, xüsusilə də ABŞ ilə yaxınlaşmasıdır, həmçinin Ermənistanla olan münaqişəni isə çox ağıllı şəkildə həll etməyə çalışmasıdır. Bütün bunlar, əlbəttə ki, Rusiyanın həzm edə bilmədiyi məsələlərdir. Ona görə də televiziya ekranlarında, radio dalğalarında, xüsusən də sosial şəbəkələrdə Azərbaycana qarşı irimiqyaslı informasiya müharibəsi aparılır”.
Müsahibimizin fikrincə, bunun qarşısını almağın ən yaxşı yolu gerçəkləri, baş verənləri olduğu kimi Rusiya ictimaiyyətinə çatdırmaqdır: “Bu məsələdə rusdilli saytların, rus dilində yayım aparan telekanalların və sosial şəbəkə platformalarının üzərinə müəyyən vəzifələr düşür. Onlar bu işi həyata keçirməyə çalışmalıdırlar. Hesab edirəm ki, bu informasiya müharibəsi sabahdan etibarən daha da geniş vüsət alacaq. Çünki avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan lideri İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək, burada memorandum imzalanacaq. Bölgədə sabitliyin təmin edilməsi üçün atılan addımlar konkret sənədlərlə təsdiqlənəcək."
Ayhan
21:45 07.08.2025
Oxunuş sayı: 895