“Azərbaycan Suriya xalqına öz dost və qardaş əlini uzadır”- Deputat

Enerji diplomatiyası Azərbaycanın xarici siyasətində getdikcə daha önəmli mövqeyə çevrilir. Azərbaycan qazının Suriyaya nəqlinə başlanması regionda yeni bir əməkdaşlıq modelinin əsasını qoyur. Bu tarixi addım təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan ölkəmizin təşəbbüskar və məsuliyyətli aktor kimi rolunu gücləndirir. Bakı-Ankara-Dəməşq xəttində formalaşan üçtərəfli əməkdaşlıq formatı isə təkcə Suriyanın enerji ehtiyaclarını qarşılamaqla kifayətlənməyəcək, həm də regionda sabitlik və rifaha töhfə verəcək.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, enerji diplomatiyası bu gün Azərbaycanın xarici siyasət prioritetləri sırasında xüsusi çəkiyə malikdir: “Enerji diplomatiyası Azərbaycanın xarici siyasət prioritetləri sırasında xüsusi çəkiyə malikdir. Ölkəmizin Xəzərin qərb sahilindən Avropaya qədər uzanan strateji yol xəritəsi daha da genişlənərək şaxələnməkdədir. Avqustun 2- dən etibarən Azərbaycan qazının Suriyaya nəqlinə başlanılması cənab Prezident İlham Əliyevin həm iqtisadi, həmdə geosiyasi baxımdan çevik və uzaqgörən siyasət həyata keçirdiyinin təzahürüdür. Bilindiyi kimi, Suriya 2011-ci ildə başlayan vətəndaş müharibəsi nəticəsində enerji infrastrukturunun böyük hissəsini itirib. Elektrik enerjisi və qaz çatışmazlığı ölkədə sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb”.
O bildirib ki, bu mənada, Bəşər Əsədin devrilməsi ilə Suriyada yeni siyasi-iqtisadi mühit formalaşdırmağa çalışan keçid hökumətinin prezidenti Əhməd əş-Şaara mövcud problemi aradan qaldırmaq üçün səylərini artırır: “Bu məqamda Azərbaycan Suriya xalqına öz dost və qardaş əlini uzadır və üzləşdikləri çətin vəziyyətdən çıxmaq üçün dəstək nümayiş etdirir. Suriyanın enerji ehtiyaclarının qarşılanması istiqamətində atılan addımlar rəsmi Bakının enerji resurslarını siyasi təzyiq vasitəsi kimi deyil, sülh, sabitlik və inkişaf naminə səfərbər etdiyinin göstəricisidir. Suriyaya başlayan enerji ixracı Azərbaycanın strateji məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu təsdiq edir. Təbii ki, ölkəmiz bu prosesdə qardaş Türkiyə ilə birgə hərəkət edir və yeni bir əməkdaşlıq modelinə imza atır. Azərbaycan qazının Suriyaya ixrac edilməsi Cənubi Qafqazdan Yaxın Şərqə uzanan yeni bir enerji körpüsünün təməlini qoyur. Bu isə Azərbaycan və Türkiyənin regiondakı strateji rolunu daha da artıracaq. Nəticə etibarilə Bakı-Ankara-Dəməşq vektorunda qurulan üçlü format Suriyada mövcud enerji böhranını azaldacaq, sosial rifahın yüksəlməsinə şərait yaradacaq və siyasi istiqrarın bərqarar olmasına öz töhfəsini verəcək”.
Mehriban Yarıyeva
22:56 04.08.2025
Oxunuş sayı: 1055