Ermənistanın hücumları nəticəsində yaralanmış, mina qurbanı olmuş, əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə verib











Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və
aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə
terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako
Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində
olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 4-də
davam etdirilib.
Crossmedia.az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,
Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova)
keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə
tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda
təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir
qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını
müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim
Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini,
dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib,
habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini
izah edib.
İfadə
verən İnqilab Məmmədov 44 günlük Vətən müharibəsi zamanı yaşadığı Mingəçevir şəhərində
mülki şəxs kimi zərər çəkdiyini bildirib. İ.Məmmədov 2020-ci il oktyabrın 4-də
raket düşməsi nəticəsində ikimərtəbəli evinin dağıldığını, özünün və üç azyaşlı
övladının dağıntılar altında qalaraq xəsarətlər aldıqlarını söyləyib. Baş
prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş
qeyd edib ki, evinin ətrafında heç bir hərbi obyekt yoxdur. “Sonradan öyrəndik
ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən atılan “Smerç” raketidir”, -
deyə o bildirib.
Elçin
Bağırov da ifadəsində həmin gün Mingəçevirdə evinin yaxınlığına “Smerç”
raketinin düşməsi nəticəsində maddi və mənəvi zərər çəkdiyini deyib. O, dövlət
ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında hadisə nəticəsində özünün,
anası Nabat Bağırovanın və dayısının yaralandığını söyləyib. Bildirib ki,
dayısı aldığı xəsarətlər nəticəsində iş qabiliyyətini itirib.
Elməddin
Əlişanov ifadəsində vurğulayıb ki, işğaldan azad edilmiş Qubadlı rayonunda
2021-ci il fevralın 26-da mina partlaması nəticəsində xəsarətlər alıb, nəticədə
bir gözünü itirib.
Samir
Sultanov ifadəsində söyləyib ki, 1994-cü ildə Füzuli rayonunda yaralanıb və əsir
götürülüb. Ermənistanın Gorus rayonunda saxlanılıb, 1995-ci il aprelin 29-da Azərbaycana
qaytarılıb.
Balaqardaş
Məlikməmmədov qeyd edib ki, 2021-ci il fevralın 4-də mina partlaması nəticəsində
xəsarət alıb. Hadisə zamanı daha bir hərbçi yaralanıb, digər hərbçi isə şəhid
olub.
Nəzərəli
Kərimov 2016-cı il mart ayında Tərtər rayonunun Qapanlı kəndində Ermənistan
silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.
Samir
Piriyev bildirib ki, hərbi xidmət zamanı 2007-ci il mayın 5-də Tərtər rayonunun
Çaylı kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində
yaralanıb.
Zərərçəkmiş
digər şəxslər Murad Babayev, Qismət Fərzalıyev, Rəşad Hacıyev, Ramazan
Balakişiyev, Sakit Həsənov, Alim Əfəndiyev, Xəzri İsmayılov Nurlan Mansurov, Səməd
İsgəndərov, Xətai Mansurov, Turac Nəzərov, Azad Mərdəliyev, Nizami Talıbov,
İslam Tatayev, Əli Mehdiyev, Əliabbas Ələmov, Aqşin Ağayev, Samir Səmədov, Emil
Məhərrəmov və Kənan Əhədov ifadələrində Vətən müharibəsi zamanı Ermənistan
silahlı qüvvələrinin açdıqları atəşlər nəticəsində yaralandıqlarını diqqətə
çatdırıblar. K.Əhədov müharibədən sonra mina partlaması nəticəsində də xəsarətlər
alıb.
Baş
Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir
Bayramovun suallarını cavablandıran Ədalət Sultanov 2006-cı il sentyabrın 1-də
Füzulinin Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində
güllə xəsarəti aldığını söyləyib.
Dövlət
ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında Səlim Məmmədov 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı girov götürüldüyünü
qeyd edib. O, Xankəndiyə aparılıb, girovluq zamanı işgəncələrə məruz qalıb,
döyülüb. Beş gün sonra Azərbaycan tərəfinə qaytarılıb.
Zərərçəkmiş
şəxs Məhəmməd Məmmədlinin hüquqi varisi - anası Mehriban Məmmədova ifadəsində
övladının Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 2-də Ermənistan silahlı
qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu deyib.
Zərərəçəkmiş
Elmar İbrahimovun hüquqi varisi - anası Ümmü İbrahimova övladı Elmar
İbrahimovun Vətən müharibəsində, 2020-ci il oktyabrın 2-də Ermənistan silahlı
qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu vurğulayıb.
Dövlət
ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Adilə Əliyeva
bildirib ki, 1992-ci ildə Xocalı soyqırımı zamanı qohumları və həmyerliləri ilə
birlikdə girov götürülərək Xankəndiyə aparılıb. Soyqırımı zamanı doğmaları Ermənistan
silahlı qüvvələri tərəfindən qətlə yetirilib.
Daha
sonra məhkəmədə fasilə elan olundu.
Fasilədən
sonra prosesdə hakim elan edib ki, təqsirləndirilən şəxs Levon Balayana yeni vəkil
təyin olunub. Levon Balayan ona yeni vəkil təyin olunmasına etiraz etmədiyini
bildirib.
Ardınca
məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilmələri ilə davam etdirilib.
Zərərçəkmiş
Gəray Həşimov ifadəsində 1992-ci ildə Ağdam rayonunun Qərvənd kəndi uğrunda gedən
döyüşlərdə qəlpə yaraları aldığını diqqətə çatdırıb.
Zülfüqar
Hüseynov ifadəsində söyləyib ki, 1991-ci il sentyabrın 8-də Ağdam şəhərindən
Xocavənd rayonunun Qaradağlı kəndinə gedərkən rayonun Kiş kəndində idarə etdiyi
“LAZ” markalı avtobus atəşə tutulub. Hadisə nəticəsində avtobusda olan mülki şəxslərdən
8-i həlak olub, onlarla şəxs, o cümlədən Z.Hüseynov özü yaralanıb.
Faiq
Məmmədov ifadəsində 1992-ci il sentyabrın 2-də yaralanması nəticəsində əsir
götürüldüyünü deyib. Əsirlikdə döyülüb, işgəncələrə məruz qalıb. Əsirliyinin 6
ay yarım müddətini İrəvanda saxlanılıb, həmin vaxt məcburi şəkildə müxtəlif işlərə
cəlb olunub. 2 il 2 ay 14 gündən sonra əsirlikdən qaçıb. Həmin vaxt Şuşanın Xəlfəli
kəndində saxlanılırmış.
Bəhram
Səmədov ifadəsində hərbi xidmətdə olarkən 2003-cü il aprelin 20-də Füzuli
rayonunda postda Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində güllə
yarası aldığını deyib. O, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın suallarına
cavabında hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması
nəticəsində baş verdiyini, qarşı tərəfin məqsədinin postu almaq olduğunu, lakin
buna nail ola bilmədiyini qeyd edib.
Elşad
Səmədov ifadəsində B.Səmədovun dediklərini təsdiqləyib. O, hadisə zamanı güllə
yarası aldığını bildirib.
Tural
Bəhrəmli ifadəsində 2020-ci il noyabrın 23-də Ağdam rayonunun işğaldan azad
olunmuş hissəsində mina partlaması nəticəsində xəsarətlər aldığını diqqətə
çatdırıb.
İlqar
Səfərov ifadəsində hərbi xidmətdə olarkən 1995-ci il avqustun 17-də hərbçi
yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir
götürüldüyünü deyib. O və digər əsirlər döyülüb. Sonradan pul müqabilində Azərbaycan
tərəfə qaytarılıb.
Zaur
Mahmudov 2023-cü il dekabrın 26-da Ağdamda mina partlayışı nəticəsində xəsarətlər
aldığını söyləyib.
Rüfət
Balaməmmədov 1992-ci il martın 19-da Qazax rayonunun Aşağı Əskipara kəndində
Ermənistandan açılan artilleriya atəşi nəticəsində yaralandığını qeyd edib.
Zərərçəkmiş
şəxs Anar Vəliyevin hüquqi varisi – atası Həmzə Vəliyev övladının Vətən müharibəsi
zamanı Suqovuşanda şəhid olduğunu deyib.
Müşfik
Əliyev ifadəsində bildirib ki, 1993-cü il avqustun 23-də Füzulidən Beyləqana
qayıdarkən nəqliyyat vasitəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə
tutulub. Nəticədə nəqliyyat vasitəsinin sərnişinlərindən 5-i həlak olub. Hadisə
zaman o, əsir götürülüb. 2 il 9 ay 17 gün müddətində Xocavənddə, Xankəndidə,
Şuşa həbsxanasında və digər ərazilərdə saxlanılıb. Əsirlik zamanı döyülüb, işgəncələrə
məruz qalıb.
Zərərçəkmiş
şəxs Allahverdi Babayevin hüquqi varisi - atası Ələt Babayev övladının 2020-ci
ildə Vətən müharibəsinin ilk günündə Suqovuşan istiqamətində şəhid olduğunu
diqqətə çatdırıb.
Baş
prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını
cavablandıran Rəşad Həziyev 2021-ci il sentyabrın 30-da Ağdamın Şelli kəndində
mina partlaması nəticəsində xəsarətlər aldığını bildirib.
Sahib
Abdullayev ifadəsində 2016-cı ildə Aprel döyüşləri zamanı yaralandığını deyib.
Afiq
Qasımov ifadəsində 1993-cü il yanvarın 4-də əsir götürüldüyünü, aprelin 26-da
Azərbaycan tərəfinə qaytarıldığını söyləyib. Bildirib ki, əsirlik zamanı
döyülüb, işgəncələrə məruz qalıb.
Elməddin
Alışanov ifadəsində 1994-cü il aprelin 18-də yaralı vəziyyətdə əsir
götürüldüyünü qeyd edib. Əsirlik müddətində Ağdamda, Xankəndidə, habelə digər ərazilərdə
saxlanılıb, Samvel Babayan üçün evin tikilməsi işlərinə məcburi şəkildə cəlb
olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, o cümlədən dişləri
çıxarılıb.
Turan
Məmmədovun hüquqi varisi Nağı Məmmədov qardaşının Vətən müharibəsində, 2020-ci
il oktyabrın 7-də Suqovuşanda şəhid olduğunu vurğulayıb.
Yaşar
Abdullayev 1994-cü ildə Kəlbəcər uğrunda döyüşlərdə əsir götürüldüyünü qeyd
edib. Əsirlik zamanı Ağdərədə, Xankəndidə, Şuşa həbsxanasında və digər ərazilərdə
saxlanılıb. Əsirlikdə mütəmadi olaraq döyülüb, işgəncələrə məruz qalıb.1996-ci
il mayın 8-də Azərbaycan tərəfə təhvil verilib.
Kamil
Babayev ifadəsində Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü,
1 il 10 ay saxlanıldığını, əsirlik zamanı işgəncələrə məruz qaldığını bildirib.
Asif
Bayramov ifadəsində hərbi xidmətdə olarkən 2003-cü ildə Ermənistan silahlı qüvvələri
tərəfindən əsir götürüldüyünü, bir həftədən sonra Azərbaycan tərəfə geri
qaytarıldığını diqqətə çatdırıb.
Eyvaz
Həbiyev ifadəsində 1993-cü ildə Murov istiqamətində Ermənistan silahlı qüvvələri
tərəfindən əsir götürüldüyünü, 2 il 8 ay müddətində işgəncələrə məruz qaldığını
söyləyib.
Murad
Əmirbəyov Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 22-də yaşadığı Qəbələ
rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən raket atılması nəticəsində
yaralandığını deyib.
Rasif
Kərimzadə ifadəsində bildirib ki, 2022-ci il oktyabrın 2-də Xocavənd rayonunun
Böyük Tağlar kəndində şirkət əməkdaşı qismində yenidənqurma işləri ilə məşğul
olarkən mina partlaması nəticəsində xəsarətlər alıb.
Zərərçəkmiş
digər şəxslər - Rafael Xəlilov, Fuad Musayev, Salman Həsənov, Pünhan Əliyev,
Niyad Əliyev, Emin Camalov, Məsim Əskərov, İbadət Yaqublu və Hüseyin Həmidov
ifadələrində müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində
yaralandıqlarını vurğulayıblar.
Zərərçəkmişlər,
həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin
nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə
prosesi avqustun 7-də davam etdiriləcək.
Qeyd
edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin,
hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında,
eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq
hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə
yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan
Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan
Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və
dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham
edilir.
Həmin
şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan
Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David
Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik
Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset
Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə
edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə),
106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib),
110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına
zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq
humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam
öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya
ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və
onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma)
və digər maddələri ilə ittiham olunurlar.
21:40 04.08.2025
Oxunuş sayı: 819