Özbəkistanda “Sea Breeze Uzbekistan” kurortu inşa ediləcək

Özbəkistan Nazirlər Kabineti “Sea Breeze Uzbekistan” kurort kompleksinin tikintisinə dair layihəni təsdiqləyib. Layihənin həyata keçirilməsi Agalarov Development şirkətinə həvalə olunub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, layihənin dəyəri 5 milyard dollar təşkil edir. Əvvəllər bu rəqəm 7–10 milyard dollar aralığında göstərilirdi. Tikinti üçün 570 hektardan çox torpaq sahəsi ayrılıb və bu ərazi 25 illik icarəyə verilib.
Endirim əmsalı tətbiq olunmaqla, investor beş il ərzində 17 milyard som (təxminən 1,34 milyon dollar) icarə haqqı ödəyəcək. Həmçinin baş plan çərçivəsində torpağın subicarəyə verilməsinə icazə verilib. İcarəçilər və subicarəçilər üçün infrastruktur rüsumu tətbiq olunacaq.
Ətraf mühitin mühafizəsi məqsədilə Çarvak və Çirçik su hövzələrinə tullantı axıdılması qəti qadağandır. Bütün axıntılar yalnız xüsusi təmizləmə qurğularına yönləndirilməlidir. Bu qaydanın pozulması layihənin dərhal dayandırılması və icarə müqaviləsinin ləğvi ilə nəticələnəcək.
Layihə çərçivəsində həyata keçiriləcək bütün mühəndis və ekoloji həllər Özbəkistanın Ətraf Mühit Nazirliyi və Baş Prokurorluğu ilə razılaşdırılmalıdır.
Rəsmilər bildiriblər ki, əgər investor müqavilənin şərtlərinə əməl etməzsə, icarə heç bir kompensasiya ödənilmədən ləğv ediləcək.
Pərvin Hacıyeva
11:02 04.08.2025
Oxunuş sayı: 833