İran ABŞ-dan təzminat istəyir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ 12 gün davam edən müharibə zamanı İrana vurulan zərərə görə kompensasiya ödəməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əraqçinin sözlərinə görə, o, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffla nüvə danışıqlarının bərpası məsələsində fikir mübadiləsi aparıb. Nazir bildirib ki, Tehran bombalanan nüvə obyektlərinə görə real kompensasiya gözləyir və istənilən danışıqlardan öncə “etimadın bərpasına yönəlmiş konkret addımlar” tələb edir.
“Onlar izah etməlidirlər ki, niyə danışıqlar prosesinin ortasında bizə zərbə endiriblər və bu halın bir daha təkrarlanmayacağına zəmanət verməlidirlər. Həmçinin, artıq vurduqları zərərə görə kompensasiya ödəməlidirlər”, – deyə Əraqçi vurğulayıb.
Nazir eyni zamanda nüvə danışıqlarının yenidən başlayacağına ehtiyatlı nikbinliklə yanaşdığını bildirib: “Danışıqlara aparan yol dardır, lakin tam bağlanmayıb. Mən rəhbərliyə sübut etməliyəm ki, əgər biz danışıqlara başlasaq, qarşı tərəf də qarşılıqlı faydalı razılaşma əldə etməkdə səmimidir”.
Əraqçi həmçinin bildirib ki, İran uranın zənginləşdirilməsi hüququndan əl çəkməyəcək: “Əgər zənginləşdirmə olmasa, bizdə heç nə qalmaz”. O, eyni zamanda qeyd edib ki, Tehranda ABŞ-la danışıqlara qarşı çıxanlar çoxdur: “İnsanlar mənə deyir ki, daha vaxt itirmə, özünü aldatmağa qoyma… əgər onlar danışıqlara gəlirlərsə, bu, sadəcə öz həqiqi məqsədlərini gizlətmək üçündür”.
Nazir onu da təsdiqləyib ki, 12 günlük münaqişə zamanı İsfahan yaxınlığında yerləşən yeni uran zənginləşdirmə obyektinə zərbə endirilib. Lakin Əraqçi qeyd edib ki, hücum zamanı həmin obyekt hələ fəaliyyətə başlamayıb.
Fatimə Məmmədova
11:43 31.07.2025
Oxunuş sayı: 1091