Rusiya ilə Azərbaycan arasında təyyarə böhranı: "Düyün" nə zaman və necə çözüləcək?

2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulması ilə bağlı hələ də bir sıra suallar cavabsız qalır. Hadisənin baş verməsindən xeyli müddət keçməsinə baxmayaraq, Rusiya nə rəsmi, nə də qeyri-rəsmi səviyyədə hər hansı açıqlama verilməyib. Azərbaycan tərəfi bu məsələ ilə bağlı haqlı olaraq ədalətin bərpa olunmasını, məsuliyyətin tanınmasını və hadisənin bütün təfərrüatlarının şəffaf şəkildə açıqlanmasını tələb edir. Prezidentin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə verdiyi müsahibədə bildirib ki, Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırıb. Moksvanın bu çağırışa ncə reaksiya verəcəyi isə müzakirə mövzusudur.
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlama verib:
“Yəqin ki, Rusiya istintaq prosesinin bitməsini və məhkəmənin yekun qərarını gözləyir. Rusiya istintaq başa çatandan sonra məhkəmə qərarı əsasında hərəkət edəcək. Onlar gərək həm Azərbaycan dövlət başçısından, həm də Azərbaycan xalqından üzr istəsinlər. Bundan sonra isə həlak olan insanların ailələrindən üzrxahlıq edib, konpensasiya ödəsinlər. Həmçinin təyyarənin də konpensasiyasını Azərbaycana verməlidilər. Amma yenə qeyd edirəm, bu qərarı qəbul etmək üçün istintaqın bitməsini və məhkəmənin yekun qərar qəbul etməsini gözləyirlər. Qərar çıxandan sonra Rusiya günahkarları bildirəcək və mütləq açıqlama verəcək. Çünki onlar bilir ki, məsələ hələ də Azərbaycanın gündəmindədir”.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva isə qeyd edib ki, bu məsələ ilə bağlı rəsmi Bakının konkret mövqeyi var: "Bu məsələyə Ölkə Rəhbərimiz tərəfindən yetərincə, aydın münasibət bildirilmişdir. Mənim fikrim isə dövlətimizin rəsmi münasibətilə eynidir".
Ayhan
15:24 28.07.2025
Oxunuş sayı: 1177