Xocalının Ballıca kəndinə daha 62 nəfər qayıdıb: açarlar təqdim edilib

Böyük
Qayıdış proqramı çərçivəsində iyulun 28-də Xocalı rayonunun Ballıca kəndinə
növbəti köç oldu.
Crossmedia.az xəbər verir ki bu barədə Xankəndi
şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Verilən məlumata görə, bu mərhələdə
Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailə köçürüldü.
Onlar
uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və
inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına
qayıtmaları münasibətilə təbrik edib və onlara fərdi yaşayış evlərinin
açarlarını təqdim edib.
Təqdimetmə
mərasimindəki çıxışı zamanı S.Qəhrəmanov bildirib ki, bu yalnız bir evin açarı
deyil, illərdir həsrətini çəkdiyiniz doğma yurda dönüşün, əziz xatirələrin və gələcək
nəsillərin sabit yaşayışının rəmzidir. “Böyük Qayıdış” proqramı çərçivəsində bu
gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Ballıca kəndi də öz sakinlərinə
qucaq açır. Burada sizlər üçün hər bir şərait yaradılıb – su, qaz, elektrik,
rabitə xətti çəkilib, məktəb, tibb məntəqəsi və digər zəruri infrastruktur
artıq fəaliyyət göstərir.
Qeyd
edək ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə- 840 nəfər məskunlaşıb.
Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə
qayıdıb. Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433
nəfərdən ibarət 327 ailə yaşayır.
14:56 28.07.2025
Oxunuş sayı: 990