Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb

Azərbaycan
Mərkəzi Bankı (AMB) “Emissiya prospektinə və informasiya memorandumuna dair tələblər
haqqında Qaydalar” (Qaydalar) çərçivəsində emitent və sənəd növləri nəzərə
alınmaqla prospekt sənədlərinin şablon formaları hazırlanıb.
Crossmedia.az
bu barədə AMB-yə istinadən xəbər verir ki, yeni hazırlanmış şablonların əsas məqsədi
emissiya prospektlərinin və informasiya memorandumlarının tərtibi zamanı yol
verilən nöqsanların minimuma endirilməsi, sənədlərin ümumi keyfiyyətinin
artırılması və sənəd tərtibatı prosesinin emitentlər və anderrayterlər üçün
daha asan və səmərəli şəkildə təşkil olunmasıdır.
Şablon
sənədlərdə Qaydalarda əks olunmuş bəndlər üzrə açıqlayıcı və izahedici qeydlərə
də yer verilib. Xüsusilə praktik təcrübədə ən çox sual doğuran və nöqsanların ən
çox rast gəlindiyi bəndlər üzrə izahlı qeydlərin hazırlanmasına xüsusi diqqət
yetirilib. Bu qeydlərin sənəd tərtibatı zamanı emitentlər üçün praktik vəsait
rolunu oynayacağı və prosesi daha çevik və düzgün icra etməyə imkan verəcəyi
gözlənilir.
Bundan
əlavə, Mərkəzi Bank tərəfindən kapital bazarında lisenziyalaşdırılan şəxslərlə
bağlı tənzimləyici çərçivənin daha dolğun anlaşılması məqsədilə lisenziya
prosedurlarına dair təlimatlar hazırlanıb. Təlimatlarda lisenziyalaşdırmanın mərhələləri,
hər bir prosesdə tələb olunan sənəd və məlumatlar, müraciətlərə baxılma müddətləri
və lisenziyanın ləğvi üçün əsaslara dair izahlı məlumatlar qeyd olunub.
Təlimatlarla
Mərkəzi Bankın rəsmi internet səhifəsindən aşağıdakı keçid vasitəsi ilə tanış
ola bilərsiniz:
Emissiya
prospektləri:
https://www.cbar.az/page-884/emissiya-prospketi-v-informasiya-memorandumlarina-dair-sablon-formalar
Lisenziya
prosedurları:
https://www.cbar.az/page-885/lisenziya-prosedurlarina-dair-tlimatlar
Mərkəzi
Bank qiymətli kağızlar bazarında iştirak edən bütün tərəflərin fəaliyyətini dəstəkləmək
və normativ uyğunluğun təmin olunmasına yardımçı olmaq məqsədilə gələcəkdə də
bu kimi təşəbbüsləri davam etdirməyi planlaşdırır.
14:46 28.07.2025
Oxunuş sayı: 946