Neftin qiymətinin 150 dollara çatmağı mümkündür, amma…- AÇIQLAMA

Yaxın Şərqdəki münaqişə atmosferi yeni, daha təhlükəli həddə çatarkən, beynəlxalq ictimaiyyətin diqqəti bir daha strateji əhəmiyyətə malik bölgələrə yönəlir. ABŞ-nin İsrailə açıq şəkildə dəstək verməsi və bu dəstəyin müharibəyə birbaşa müdaxilə səviyyəsinə keçməsi ehtimalı, artıq İran tərəfindən ciddi xəbərdarlıqlarla qarşılanır. İran rəsmiləri bildiriblər ki, bu cür bir ssenari reallaşarsa, Hörmüz boğazını bağlamaqdan çəkinməyəcəklər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən “Caspian Bareel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban ilk olaraq bildirib ki, İranın Hörmüz boğazını bağlaması tarixdə dəfələrlə səslənsə də, heç vaxt praktikada reallaşmayıb:
“Deyə bilərsiniz ki, elə İranla İsrail bir-birini yüzlərlə dəfə hədələyib, nəticədə müharibə başlayıb. Hörmüz boğazının ümumilikdə 54 km eni var, aktiv nəqliyyat üçün istifadə olunan hissə 33 km-dir. Bu hissə də ikiyə bölünüb: biri gələn, biri gedən istiqamətdə olmaqla iki 3 km-lik dəhliz mövcuddur. Bu ərazi yalnız İrana məxsus deyil — bir hissəsi İranın iqtisadi zonasındadır, digər hissəsi BƏƏ və Omanındır. İran bu boğazı bağlasa, ilk növbədə özü zərər görəcək. Çünki İran iyunun 10-dan başlayaraq 1 gündə 2,2 milyon bareldən çox neft ixrac edir və bunun üçün alternativ marşrutu yoxdur. Digər ölkələrin alternativləri mövcuddur, amma İranın yox. Bu, ilk növbədə İran üçün zərbə olar — faktiki olaraq pulsuz qalacaq. Əgər Hörmüz boğazını bağlamağa hərbi yolla cəhd etsə, nəzərə almaq lazımdır ki, Omanın sahillərində artıq ABŞ-nin 6-cı donanması yerləşir, digər qüvvələr isə Qətər və Bəhreyn tərəfdə hazır vəziyyətdədir. İranın belə bir addımı, ehtimal ki, bir saat içində ciddi zərbələrlə cavablandırılacaq və nəticə etibarilə hər şey öz yerinə qayıdacaq”.
İ.Şabanın sözlərinə görə, bir gün ərzində neftin qiyməti 150 dollara çatmağı mümkündür:
“Amma bu, uzunmüddətli olmayacaq. Tezliklə qiymət yenidən 70 dollara düşəcək. Nə olur bu halda? Dünya təlaşa düşür amma sonra reallığa qayıdır. Baxın: bir gün əvvəl neftin qiyməti 79 dolları keçdi, bu gün isə yenidən 77 dolların altına düşüb. Bu, bazarda emosional reaksiya nümunəsidir. Sonra reallıq qiymətləndirilir və nəticədə adekvat qiymətlər formalaşır. Bu, gündəlik həyatdakı bir misalla da izah oluna bilər: təsəvvür edin kimsə deyir ki, çörək qalmayıb, mağazalara gətirilməyəcək. Elə həmin an çörəyin qiyməti 50 qəpikdən birdən-birə 5 manata qalxır. Amma bu vəziyyət yalnız bir gün davam edə bilər. Çünki əhalinin 99%-i həmin çörəyi o qiymətə almaz. Əgər ala bilsəydi, o imkanı olsaydı, o zaman bazarda elə o qiymət olardı. Əlçatanlıq və tələb arasında balans pozulanda bazar özü reaksiyasını verir — qiyməti tənzimləyir. Azərbaycana gəlincə, biz dünya neft bazarında qiymətləri təyin edən ölkə deyilik. Əlimizdə nə var, onu mövcud qiymətlərlə satırıq. Qiymətlər baha olanda sadəcə deyirik ki, “min şükür”, əlavə gəlir qazandıq”.
Nəzrin Salmanova
16:43 20.06.2025
Oxunuş sayı: 2829