Rusiya Ukrayna ssenarisini Cənubi Qafqazda təkrarlaya bilər: Azərbaycan da hədəfdədir
Ermənistanın Avropa İttifaqı (Aİ)ilə yaxınlaşması regionda çoxtərəfli diplomatiya imkanları yaratmaqla yanaşı, mövcud regional ittifaqların gələcəyini də sual altına qoyur. Qlobal güclərin maraqlarının toqquşduğu Cənubi Qafqazda bir ölkənin istiqamət dəyişməsi, təbii olaraq digər aktorların təhlükəsizlik və nüfuz dairəsi narahatlıqlarını tətikləyir. Tarixi təcrübə göstərir ki, regionda təsir rıçaqlarını itirmək istəməyən böyük güclər hərbi, iqtisadi və siyasi təzyiq mexanizmlərini işə salmaqdan çəkinmirlər. Bu kontekstdə, postsovet respublikalarının müstəqil xarici siyasət yürütmək istəyi həm də daxili sabitliyin qorunması fonunda mürəkkəb bir mübarizəyə çevrilir. Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturası bu mütəhərrik geosiyasi balansın necə idarə olunacağından birbaşa asılıdır. Belə bir həssas şəraitdə Azərbaycan başda olmaqla region dövlətləri öz strateji maraqlarını qorumaq üçün yüksək diplomatik manevrlər etmək məcburiyyətindədir. Bu gərginlik fonunda ekspertlərin xəbərdarlıqları və regionun gələcək ssenariləri ciddi müzakirə mövzusudur.
Məsələ ilə bağlı "Ümid" partiyasının sədri İqbal Ağazadə Crossmedia.az-a açıqlama verib.

"Ermənistanın Aİ-yə inteqrasiyası Avrasiya İqtisadi İttifaqına nə dərəcədə təsir göstərir? Əslində bunun heç bir məntiqi izahı yoxdur. Bir ölkə öz iqtisadiyyatını və münasibətlərini çoxtərəfli, yaxud da çoxşaxəli şəkildə qura və davam etdirə bilər-bir ölkə və ya ittifaqla münasibətlər başqa bir ittifaqla olan əlaqələrə təsir etməməlidir. Rusiya, sadəcə, münasibətlərin bu cür inkişaf istiqamətindən ona görə narahat olur ki, Avropa ilə inteqrasiya prosesində əhalinin psixoloji olaraq Rusiyadan tamamilə üz çevirəcəyini, dövlətin məcburən Avropaya yönələcəyini və nəticədə Rusiyanın regiondan çıxarılacağını bilir. Buna görə də Rusiya bu münasibətlərdən narahatdır".
O, mövcud dinamikanın Cənubi Qafqaz üçün problem yarada biləcəyini də istisna etməyib: "Rusiyanın olduğu yerdə həmişə problem, həmişə qan- qada, müharibə, separatizm və etnik-milli qarşıdurma var. Hələlik "Cənubi Qafqaz Rusiyadan azad olub" və yaxud "Rusiyanın təhdidlərindən qurtulub" kimi bir bəyanat səsləndirmək siyasi səbatsızlıq olardı. Bəli, Rusiya hər zaman Cənubi Qafqaz üçün təhdiddir; müxtəlif addımlar atıla bilər. Hətta heç kim "ola bilməz" deməsin: ən son addım kimi Ukraynada törətdiyi əməlləri Azərbaycan da daxil olmaqla, hər üç Cənubi Qafqaz respublikasına qarşı da törədə bilər. Baxmayaraq ki, bu addım Türkiyə ilə qarşıdurmaya səbəb ola bilər.
Burada özünüqoruma instinkti rol oynayır. Rusiya bilir ki, çevrə dövlətləri, xüsusilə postsovet respublikaları onun nəzarətindən çıxsa və əlindən alınsa, vəziyyəti çox pis olacaq".
Siyasətçi Rusiyanın vəziyyətinin ağır olduğuna da diqqət çəkib: Demokratikləşmə və daxildəki etnik-milli kimlik savaşı Rusiyanı çox yaxın zamanda parçalayıb, dünyanın iri dövləti statusundan parçalanmış dövlət statusuna gətirə bilər. Buna görə də Rusiya çalışır ki, öz ətrafında özünəoxşar respublikaları saxlasın və onlar təzyiq altında olsunlar. Özü isə daxildəki milli kimlik savaşını boğmaq üçün bu imperiya fürsətindən yararlansın".
Turqut Ansari
09:15 05.06.2026
Oxunuş sayı: 54