Tarix dərslikləri yenidən yazılacaq: Naxçıvanda yeni abidələrin aşkarlanması gözlənilir
Naxçıvanın qədim tarixi ilə bağlı mühüm elmi əhəmiyyət daşıyan yeni tapıntı bölgənin keçmişinə dair araşdırmalara yenidən diqqət yönəldib. Uzun illər axtarış mövzusu olan və otuz ildən sonra nəhayət İlandağ ərazisində aşkarlanan qədim mixi yazı təkcə arxeoloji deyil, həm də tarixi baxımdan böyük maraq doğurur. Mütəxəssislərin fikrincə, bu tapıntı Naxçıvanın qədim sivilizasiyalarla əlaqələrinin öyrənilməsi və regionun tarixi irsinin daha dərindən araşdırılması üçün yeni imkanlar yarada bilər.
Mövzu ilə bağlı fəlsəfə doktoru Faiq Ələkbərli Crossmedia.az-a açıalama verib:

“Azərbaycan ərazisi dünyanın ən qədim sivilizasiya məkanlarından biri, bəşəriyyətin qədim mədəniyyət ocaqlarından hesab olunur. Bu torpaqlarda tarix boyu köklü xalqlar tərəfindən onlarla dövlət və imperiya formalaşıb. Eyni zamanda müxtəlif dövrlərdə digər böyük imperiyalarla qarşılıqlı əlaqələr mövcud olub. Bilirik ki, bu coğrafiya Assuriya, Akkad, Urartu, daha sonrakı mərhələlərdə Midiya, Roma imperiyası, Ərəb xilafəti və digər siyasi-mədəni mərkəzlərlə əlaqələr içində olub. Buna görə də burada qədim dövrlərə aid istər mixi yazıların, istərsə də digər yazılı abidələrin aşkarlanması tamamilə təbii haldır. Xüsusilə mixi yazıların tapılması daha məntiqli görünür. Çünki Azərbaycan ərazisi qədim sivilizasiya mərkəzləri ilə sıx bağlı olmuş coğrafiyadır. Dünyanın ən qədim dövlət və şəhər-dövlətlərinin yerləşdiyi regionlarla bu ərazilər arasında müxtəlif tarixi, mədəni və iqtisadi əlaqələrin olduğu məlumdur”.
Tarixçi bildirib ki, bu baxımdan belə yazı nümunələrinin aşkarlanması gözlənilən hadisədir: “Hətta hesab edirəm ki, yaxın aylarda və illərdə daha yeni mədəniyyət ocaqları, qədim yaşayış məskənləri, abidələr və kurqanlar da üzə çıxarılacaq. Şübhə etmirəm ki, bu tapıntılar Qobustan, Gəmiqaya və digər qədim mədəniyyət mərkəzləri ilə müqayisə edilə biləcək əhəmiyyət daşıyacaq. Burada ən azı 6–7 min illik, bəzi hallarda isə daha qədim dövrlərə aid abidələrin aşkarlanması ehtimalı yüksəkdir. Bu cür abidələrin mahiyyəti və mövcudluğu bir daha göstərir ki, bu coğrafiya qədim mədəniyyətlərin və sivilizasiyaların formalaşdığı mühüm məkanlardan biri olub.
Naxçıvanda, Kiçik Qafqazda, Böyük Qafqazda, Urmiya hövzəsində və digər ərazilərimizdə bu tip tapıntıların indiyədək aşkarlanması və gələcəkdə daha qədim abidələrin üzə çıxarılması tamamilə mümkündür”.
Ayhan
09:20 05.06.2026
Oxunuş sayı: 51