İmtahan həyəcanı ilə necə mübarizə aparmaq olar?- Psixoloq açıqladı
İyun ayının gəlişi ilə tələbə və abituriyentlər üçün ən məsuliyyətli dövrlərdən biri başlayır. İmtahanların yaxınlaşması bir çox gəncdə həyəcan və narahatlıq yaradır. Bəzən bu həyəcan o qədər artır ki, uzun müddət hazırlaşan şəxslər belə imtahanda öz potensiallarını tam şəkildə ortaya qoya bilmirlər. Nəticədə isə stress və gərginlik imtahan nəticələrinə mənfi təsir göstərir. Bəs imtahan stressinin qarşısını almaq və bu dövrü daha rahat keçirmək üçün nə etmək lazımdır?

İmtahan stressi və onunla mübarizə mövzusunda Crossmedia.az-a danışan klinik psixoloq Gülşən Rüstəmova bildirib ki, valideynlər övladlarını adətən imtahana 1-2 gün qalmış stresslə bağlı mütəxəssis qəbuluna gətirirlər: "Bu, yanlış addımdır. İnsan stress vəziyyətində olarkən atılan hər hansı addım onun ziyanına işləyə bilər. Şəxs mükəmməl hazırlaşsa belə, stress fizioloji və psixoloji vəziyyət olaraq nəticələrə mənfi təsir göstərir. Stress zamanı baş verən proseslər insanı geri sala bilər. Stress təkcə həyəcan deyil. İnsanlarda belə təsəvvür yaranır ki, stress yalnız həyəcandan ibarətdir. Halbuki stress gələcəkdə müxtəlif xəstəliklərə də səbəb ola bilər. Buna görə də stressi anlamaq hər bir insan üçün çox vacibdir".
G.Rüstəmovanın sözlərinə görə, imtahan həyəcanı normal haldır və yaşdan, cinsdən asılı olmayaraq hər kəsdə yarana bilər:
"Bu həyəcanı məqsədlərimizə çatmağa mane olmayacaq səviyyəyə endirmək mümkündür. Bizi narahat edən amillər proses başlamazdan əvvəl müəyyənləşdirilməlidir, imtahana 1-2 gün qalmış yox".
Psixoloq imtahan öncəsi bəzi tövsiyələrini də bölüşüb: "Həyəcanlı hallarda istifadə oluna biləcək bir sıra fiziki texnikalar mövcuddur. İmtahana bir neçə ay qalmış yuxu rejimi qaydaya salınmalı, qidalanmaya diqqət yetirilməli, qan analizləri verərək orqanizmin və zehnin normal fəaliyyəti üçün zəruri göstəricilərin yerində olduğuna əmin olunmalıdır. Əgər imtahana çox az vaxt qalıbsa, insanlar bir məqamı unutmamalıdırlar: İmtahan həyatımızda növbəti mərhələyə keçid üçün vasitədir. Bu, nə hər şeyin sonu, nə də hər şeyin başlanğıcıdır. Həyatımız onsuz da müxtəlif sınaqlarla doludur. Təəssüf ki, bəzi valideynlər imtahanı həddindən artıq mürəkkəbləşdirərək uşaqlara elə təqdim edirlər ki, guya bütün həyat bu nəticədən asılıdır. İmtahan həyatın ən vacib addımı deyil, amma mühüm addımlarından biridir. Valideynlər imtahana münasibətlərini dəyişməlidirlər ki, uşaqlar da onlardan düzgün nümunə götürsünlər".
Fatimə Məmmədova
10:27 05.06.2026
Oxunuş sayı: 52