"ChatGPT" özünü doğrultmadı?
Azərbaycanda süni intellekt əsaslı "chatbot"lar arasında rəqabət güclənsə də, "ChatGPT" bazarın lideri mövqeyini qorumaqda davam edir. Son statistik göstəricilər ölkədə istifadəçilərin böyük əksəriyyətinin məhz bu platformaya üstünlük verdiyini, xüsusilə mobil cihazlarda onun dominant mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Bununla belə, bazarda diqqətçəkən dəyişikliklər də müşahidə olunur. "Google Gemini", "Claude", "Microsoft Copilot" və "Perplexity" kimi rəqib platformalar istifadəçi auditoriyasını genişləndirməyə çalışarkən, süni intellekt texnologiyalarına marağın artması rəqabəti daha da qızışdırır. Ekspertlər hesab edirlər ki, bu tendensiya yaxın dövrdə Azərbaycanda AI xidmətləri bazarının daha sürətli inkişafına və yeni texnoloji həllərin yayılmasına təkan verəcək.
Məsələ ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"ChatGPT platformasının yerli bazarda mövqeyinin dəyişməsi, rəqəmsal trendlər və istifadəçi davranışları baxımından olduqca maraqlı bir göstəricidir. Son bir ildə qeydə alınan bu 16%-lik azalma, əslində süni intellekt bazarının artıq tək qütblü olmaqdan çıxdığının və ciddi bir rəqabət mərhələsinə qədəm qoyduğunun bariz nümunəsidir.
Bu tendensiyanın arxasında dayanan əsas amillərdən biri Google Gemini, Microsoft Copilot və Anthropic Claude kimi güclü alternativlərin həm qlobalda, həm də yerli bazarda öz paylarını artırmasıdır. Xüsusilə Azərbaycan dili dəstəyinin digər böyük dil modellərində də sürətlə təkmilləşməsi istifadəçilərin seçimlərini şaxələndirmişdir. Eyni zamanda, Microsoft-un Copilot-u birbaşa Windows və Office proqramlarına, Google-un isə öz həllərini daxili ekosistemlərə inteqrasiya etməsi, istifadəçilərin əlavə platformalara ehtiyac duymadan daxili funksiyalara üstünlük verməsinə səbəb olur.
Digər tərəfdən, istifadəçilər və korporativ sektor artıq ümumi məqsədli çat-botlardan daha çox, spesifik sahələrə köklənmiş daha dəqiq süni intellekt alətlərinə yönəlirlər. Bu azalma ChatGPT-nin zəifləməsindən əlavə, yerli istifadəçilərin süni intellekt texnologiyalarında daha seçici və peşəkar yanaşma nümayiş etdirməyə başladığını göstərir. Bazarın daha balanslı paylanması isə rəqabəti artıraraq son nəticədə daha keyfiyyətli rəqəmsal məhsulların və effektiv daxili arxitekturaların ortaya çıxmasına xidmət edəcəkdir".
Elmir Heydərli
09:25 05.06.2026
Oxunuş sayı: 59