Azərbaycanda ebola təhlükəsi: Məhdudiyyətlər tətbiq olunacaq? - Rəsmi
Məlum olduğu kimi son günlər Afrika ölkələrində Ebola virusu kəskin sürətdə yayılmaqdadır. Kəskin yayılma nəticəsində artıq bəzi ölkələrdə virusla bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub. Konqoda 300-dan çox adam bu xəstəliyə yoluxub, 60 nəfər ölüb. Avstraliya isə artıq ebola ilə mübarizəyə vəsait ayırıbş.
Bəs maraqlıdır ölkəmizdə bu virusun yayılma ehtimal nə qədərdir?
Məsələ ilə əlaqədar olaraq Crossmedia.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, virusun ölkəmiz üçün endemik hesab edilmir və yayılma riskinin aşağı olduğunu qeyd edilib: "Ebola xəstəliyi ölkəmiz üçün endemik hesab edilmir.Hazırda Azərbaycanda xəstəliyin yayılması riski aşağı qiymətləndirilir. Xəstəlik əsasən Afrika qitəsinin müəyyən regionlarında qeydə alınır və lokal xarakter daşıyır. Mövcud beynəlxalq məlumatlara əsasən epidemiyanın digər regionlara geniş miqyasda yayılma ehtimalı hazırda məhdud hesab olunur. Virus heyvanların (meyvə yarasaları, insanabənzər meymunlar və s.), eləcə də yoluxmuş şəxsin qanı və digər bioloji mayeləri ilə sıx təmas zamanı ötürülür, gündəlik sosial təmas yolu ilə yayılmır. Bu səbəbdən əhali üçün real epidemioloji təhlükə aşağı qiymətləndirilir".
Qeyd olunub ki, ölkəmizdə mümkün risklərin qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir: "Riskli ölkələrdən gələn və ya yoluxmaya şübhəli şəxslərlə təmasda olmuş şəxslər üzərində tibbi müşahidə təşkil olunur. Xəstəliyə şübhə yarandığı hallarda laborator müayinələrin aparılması üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində zəruri laborator baza və test sistemləri mövcuddur".
Nazirlikdən, həmçinin hazırkı mərhələdə əhali üçün əlavə məhdudiyyət və ya xüsusi tədbirlərə ehtiyac olmadığı vurğulanıb: "Vətəndaşlara yalnız beynəlxalq səfərlər zamanı ümumi gigiyena qaydalarına riayət etmək və rəsmi mənbələrin məlumatlarını izləmək tövsiyə olunur. Səhiyyə Nazirliyi vəziyyəti beynəlxalq təşkilatlarla birgə daim izləyir və zərurət yaranarsa ictimaiyyətə operativ məlumat veriləcəkdir".
Elmir Heydərli
10:56 05.06.2026
Oxunuş sayı: 64