Psixoloq: “Ailədə qadın və kişi eyni ola bilməz”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin II iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər" adlı tədbirdə dünyada baş verən neqativ hadisələrin ailələr üçün yaratdığı çətinlikləri diqqətə çatdırıb.
Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması sadəcə, mədəni məsələ deyil:
"Azərbaycan olaraq bu reallıqları ciddi qəbul edirik. Dövlət Komitəsi olaraq ölkədə bu sahə üzrə imkanlarımızı səfərbər edərək genişəhatəli işə cəlb olunmuşuq".
O, əlaqədar qurumların da bu işə cəlb edildiyini vurğulayıb:
"TDT çərçivəsində ailə dəyərlərinin qorunması üçün ortaq fəaliyyətləri, həmçinin gənc ailələr, valideynlər üçün maarifləndirici birgə layihələrin icrasını vacib hesab edirik.
Bu sahədə vəziyyətin nədən ibarət olduğunu bilmək və çıxış yolu tapmaq üçün ciddi bir data bazasına ehtiyac var".
Ailə dəyərlərinin cəmiyyətdə rolu və qorunması barədə Crossmedia.az-a danışan psixoloq Aynur İskəndərova deyib ki, ailə cəmiyyətin əsas təməlini təşkil edən, əvəzolunmaz və köklü bir sosial institutdur: “Cəmiyyətin sağlam inkişafı ailənin möhkəmliyindən, dəyərlərinin qorunmasından birbaşa asılıdır. Tarix boyu istər şifahi xalq ədəbiyyatımızda, istərsə də yazılı ədəbiyyatımızda ailə dəyərləri, ailə üzvlərinin rolları, hüquq və vəzifələri geniş şəkildə təsvir olunmuş və bu gün də aktual tərbiyəvi əhəmiyyətini saxlayır. Azərbaycanda ailə dəyərlərinin zəifləməsi əsasən XX əsrin ikinci yarısından, xüsusilə 1960-cı illərdən sonra müşahidə olunmağa başlayıb. Gender bərabərliyi məsələsinin cəmiyyətə daxil olması ilə bu anlayışın ailə daxilində yanlış təfsiri və tətbiqi bir sıra problemlərə yol açdı. Gender bərabərliyi hüquqi baxımdan vacib olsa da, ailə münasibətlərində gender ədaləti anlayışına üstünlük verilməlidir. Qadın və kişi fizioloji, psixoloji və sosial baxımdan fərqlidir və hər biri ailədə öz yaradılışına uyğun rol oynamalıdır. Ailənin bir sıra funksiyaları mövcuddur: reproduktiv (nəsil artırılması), iqtisadi (birgə istehsal və istehlak), tərbiyəvi və qoruyucu funksiyalar. Müasir dövrdə ailələr daha çox istehlak birliyinə çevrilmiş, istehsal funksiyası isə arxa plana keçmişdir. Boşanmaların artması, natamam ailələrin çoxalması, sosial-iqtisadi problemlər, müharibə, alkoqolizm və narkomaniya kimi amillər ailə institutunu sarsıtmışdır. Xüsusilə natamam ailələrdə böyüyən uşaqlar ailə dəyərlərindən məhrum qalır və bu da gələcək nəsillərdə mənəvi boşluq yaradır”.
O bildirib ki, əmək bölgüsünün düzgün qurulmaması, qadınların həm iş yerində, həm də evdə yüklənməsi onların psixoloji və fiziki gərginliyinə səbəb olur: “Analıq instinkti ilə uşağa emosional bağlılıq qadında daha güclü olduğundan, psixoloqların da vurğuladığı kimi, ana övladının ilk 3 ilində yanında olmalıdır. Lakin maddi çətinliklər səbəbindən analar çox zaman erkən işə qayıtmağa məcbur qalırlar.
Bütün bu problemlərin həlli üçün kompleks tədbirlər görülməlidir. Ailə dəyərlərinin təbliği məktəbdən başlamalı, maarifləndirici seminarlar, təlimlər keçirilməli, gənclərə ailənin funksiyaları, əhəmiyyəti barədə dolğun məlumat verilməlidir. Təhsil müəssisələrində ailə mövzularına daha geniş yer ayrılmalı, ailə mədəniyyəti milli-mənəvi dəyərlər kontekstində şagird və tələbələrə çatdırılmalıdır. Eyni zamanda, dövlət səviyyəsində dəstək mexanizmləri gücləndirilməlidir. Məsələn, azyaşlı övladı olan anaların iş saatlarının qısaldılması, atalara da məzuniyyət hüququnun verilməsi, çoxuşaqlı ailələrə maddi dəstək göstərilməsi, analar üçün xüsusi iş şəraitinin yaradılması ailə institutunun qorunmasına ciddi töhfə verə bilər. Ailədə qadın və kişi eyni ola bilməz, lakin hər ikisinin ailə içində hüquq və vəzifələri ədalətli şəkildə müəyyənləşdirilməlidir. Ailənin möhkəmləndirilməsi üçün qadınların yükü yüngülləşdirilməli, onların həm evdə, həm də işdə effektiv fəaliyyətinə şərait yaradılmalıdır. Bu istiqamətdə davamlı sosial layihələr və qanunvericilik təşəbbüsləri ailə dəyərlərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək”.
Ləman Həsənova
21:19 13.06.2025
Oxunuş sayı: 6056