İki cəmiyyət, bir ideya: Əhməd bəy Ağaoğlu və türklük missiyası

XX əsrin əvvəlləri türk-müsəlman dünyası, xüsusilə də Azərbaycan üçün dərin siyasi, ictimai və mədəni çalxalanmalar dövrü idi. Bu dövrdə bir tərəfdən Çar Rusiyasının müstəmləkəçilik siyasəti, digər tərəfdən isə Qərbin təsiri ilə bölgədə yeni siyasi ideyalar və milli hərəkatlar formalaşmağa başlamışdı. Çar Rusiyası imperiyasının tətbiq etdiyi sərt senzura, ruslaşdırma və assimilyasiya siyasəti Azərbaycanın ziyalı təbəqəsini təkcə mədəni yox, həm də fiziki olaraq sıxışdırmış və bir çoxunun öz doğma torpaqlarını tərk etməsinə səbəb olmuşdur. Lakin məcburi mühacirətə gedən həmin ziyalılar – ictimai-siyasi düşüncənin daşıyıcıları kimi – millətinə və kimliyinə sadiq qalmış, yaşadıqları ölkələrdə milli ideyaları müdafiə etməyə davam etmişlər. Bu ziyalılar arasında Əhməd bəy Ağaoğlu xüsusi yer tutur. O, yalnız Azərbaycan ictimai-siyasi həyatında deyil, eyni zamanda Osmanlı imperiyası və daha sonra yaranan Türkiyə Cümhuriyyəti tarixində də silinməz izlər buraxmış görkəmli fikir adamı, publisist və siyasi xadim kimi tanınır. Ağaoğlu mətbuatı və publisistikası vasitəsilə milli oyanışa xidmət göstərmiş, qələm gücü ilə dövrün senzura rejiminə, imperiya maraqlarına və yad ideologiyalara qarşı mübarizə aparmışdır. Onun qələmindən çıxan yazılar sadəcə informasiya deyil, həm də maarifçi və çağırış xarakteri daşıyan bir silah idi. XX əsrin əvvəllərində Azərbaycanda ziyalı ordusu var idi. Hansı ki, bu ordu əllərindəki qələmi silah edərək Çar Rusiyasının assimilyasiya, senzura, müstəmləkə siyasətinə birmənalı şəkildə qarşı çıxırdı. Məhz həmin ordunun komandanlarından biri məhz Əhməd bəy Ağaoğlu idi.
1908-ci il, Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətində dönüş nöqtəsi olmuşdur. Çar Rusiyasının sərt senzura rejimi, milli fəaliyyətə qarşı tətbiq edilən siyasi təzyiqlər və təqiblər nəticəsində Əhməd bəy ailəsi ilə birlikdə Osmanlı imperiyasına köçməyə məcbur qalır. Bu o cəhətdən ağır idi ki, Əhməd bəy istər Tiflisdə işləyərkən, istərsə də Fransada oxuyarkən doğma yurdundan ayrı qalmışdı. Lakin bu Osmanlıya olan səfərdən fərqli olaraq müvəqqəti idi. Əhməd bəyin Osmanlıya köçməsi sadəcə coğrafi deyil, ideoloji və intellektual bir keçid kimi də dəyərləndirilə bilər. Artıq o dövrədək Parisdə ali təhsil almış, Azərbaycanda “Kaspi”, “Həyat” , “İrşad” qəzetlərində çalışmış, milli düşüncənin formalaşmasında fəal iştirak etmiş bir ziyalı kimi tanınan Ağaoğlu Osmanlı cəmiyyətinə tam hazırlıqlı şəkildə daxil olmuşdur. Əhməd bəyin Osmanlıya inteqrasiyası kifayət qədər sürətli və uğurlu olmuşdu. Bu, bir tərəfdən onun intellektual potensialı və müasir dünyagörüşü ilə, digər tərəfdən isə dövrün siyasi və mədəni kontekstindəki ehtiyaclarla izah oluna bilər. Xüsusilə "İttihad və Tərəqqi" Cəmiyyətinə üzv qəbul olunması onun yeni cəmiyyətdə tezliklə nüfuz qazanmasına və dövlət xadimi kimi qəbul olunmasına geniş imkanlar yaratmışdır. Əhməd bəyin ideyaları və islahat yönümlü baxışları cəmiyyətin modernləşmə ehtiyaclarına cavab verdiyindən, onun təklifləri maarif, mətbuat və hüquqi sahələrdə rəğbətlə qarşılanmışdır. Əvvəlcə maarif sahəsində fəaliyyətə cəlb olunan Ağaoğlu, Osmanlıda təhsil sisteminin islahatı, eləcə də qadınların təhsil hüququ kimi məsələlərdə qabaqcıl mövqedən çıxış etmişdir. Lakin çox keçmədən onun əsas fəaliyyəti mətbuat sahəsində cəmlənmişdir. Jurnalistika sahəsində zəngin təcrübəyə malik olan Əhməd bəy, xüsusilə Bakıda "Kaspi" qəzetindəki redaktorluğu ilə özünü peşəkar publisist və siyasi analitik kimi təsdiqləmişdi. Bu təcrübə ona Osmanlı mətbuatında da uğurla fəaliyyət göstərməyə imkan yaratdı.
1909-cu ildən başlayaraq o, yenidən "Kaspi" qəzetində fəaliyyətini davam etdirmiş, Osmanlıdan yazdığı “Türkiyədən məktublar”, “Türkiyədə milli sual” və digər silsilə məqalələri ilə həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətini məlumatlandırmışdır. Bu yazılar yalnız informativ deyil, həm də analitik xarakter daşıyırdı və Ağaoğlunun iki cəmiyyət arasında intellektual körpü rolunu bir daha ortaya qoyurdu. Onun publisistikası yalnız dövrün hadisələrinə münasibət bildirmək yox, eyni zamanda, ictimai şüuru oyatmaq, milli kimlik anlayışını formalaşdırmaq və maarifçilik ideyalarını yaymaq məqsədi daşıyırdı.
Beləliklə, Əhməd bəy Ağaoğlu Osmanlıya köç etməklə sadəcə fiziki mühitini dəyişməmiş, eyni zamanda fikir və ideyalarının təsir dairəsini genişləndirmişdir. Onun mətbuat və maarif sahəsindəki fəaliyyəti, həm Azərbaycan, həm də Türkiyə üçün ortaq bir milli-ideoloji platforma yaratmaq baxımından mühüm mərhələ hesab oluna bilər.
Əhməd bəyin jurnalist fəaliyyəti yalnız “Kaspi” ilə məhdudlaşmamışdır. O, eyni zamanda Osmanlı dövrünün mühüm nəşrlərindən olan "Sırat-ı Müstəqim", "Səbilürrəşad", "Hikmət" kimi qəzet və jurnallarda da fəal şəkildə çıxış etmişdir. İstanbulda İran təbəələri üçün farsca çap olunan “Süruş” və fransız dilində nəşr edilən “Le Jeune Turc” qəzetləri ilə əməkdaşlığı da onun nə qədər çoxtərəfli intellektual şəxsiyyət olduğunu təsdiq edir.
Türkçülük ideologiyası və Əhməd bəy Ağaoğlunun təşkilatlanma fəaliyyətində rolu:
Əhməd bəy Ağaoğlu təkcə mətbuat və maarif sahələrində deyil, həm də siyasi-ideoloji müstəvidə türk dünyası üçün əhəmiyyətli təşəbbüslərin müəllifi olmuşdur. O, türkçülük ideologiyasının formalaşmasında və bu ideologiyanın təşkilati əsaslarının qurulmasında fəal şəkildə iştirak etmiş, türk kimliyinin mədəni, intellektual və siyasi səviyyədə dirçəlməsinə xidmət göstərmişdir. Ağaoğlunun bu sahədəki fəaliyyəti yalnız nəzəri deyil, həm də praktiki xarakter daşıyırdı. Onun iştirakı ilə yaradılan cəmiyyətlər, dərnəklər və nəşrlər türkçülük ideyasının sistemli şəkildə yayılmasına və qəbul olunmasına mühüm zəmin yaratmışdır. Əhməd bəy ilk olaraq, 1908-ci ildə Yusuf Akçuranın təşəbbüsü ilə qurulan “Türk Dərnəyi”nə üzv olmuşdur. Bu dərnək Osmanlı coğrafiyasında türk millətçiliyi ideyasını elmi və mədəni əsaslar üzərində inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdu. Ardınca, 1911-ci ildə yaradılan “Türk Yurdu” Cəmiyyətinin altı əsas qurucu üzvündən biri kimi Əhməd bəy burada daha aktiv və mərkəzi rola sahib olmuşdur. Bu təşkilatın əsas məqsədi türk gəncliyinin milli şüurla yetişdirilməsi, intellektual inkişafına dəstək verilməsi və türkçülük ideyasının elmi əsaslarla yayılması idi. Təşkilat bu məqsədlə “Türk Yurdu” jurnalının nəşrinə başlamış və sentyabr 1911-ci ildən etibarən bu jurnal vasitəsilə türkçülüyün ideoloji platforması geniş ictimaiyyətə çatdırılmışdır. Jurnalın əsas müəllifləri sırasında Əhməd bəy Ağaoğlu da öncül mövqe tuturdu. Onun yazıları milli kimlik, maarifçilik, qadın azadlığı və ictimai-siyasi islahatlarla bağlı mövzuları əhatə edirdi və geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanırdı. Əhməd bəy Ağaoğlunun türkçülük ideologiyasına verdiyi töhfələr yalnız konkret təşkilatların qurulması ilə məhdudlaşmır. O, bu ideologiyanın elmi əsaslarının formalaşdırılması, praktiki təcrübə ilə möhkəmləndirilməsi və regionlararası intellektual əməkdaşlığın təmin olunması sahəsində də mühüm rol oynamışdır. Onun fəaliyyəti türkçülüyü yalnız Osmanlı və Türkiyə sərhədləri daxilində deyil, bütün türk-müsəlman coğrafiyasında milli oyanışın əsas aparıcı xəttinə çevirmişdir
Cümhuriyyət dövründə Əhməd bəy Ağaoğlunun dövlət və mətbuat sahəsində fəaliyyəti:
Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyəti yalnız Osmanlı dövrü ilə məhdudlaşmamış, Türkiyə Cümhuriyyətinin quruluş mərhələsində də onun intellektual və təşkilati bacarıqları mühüm şəkildə səfərbər olmuşdur. Xüsusilə 1920-ci illərdən etibarən Türkiyədə milli dövlətin formalaşdırılması prosesi başladıqda, Kamalist ideologiyanın informasiya və təbliğat siyasətinin həyata keçirilməsində ona mühüm məsuliyyətlər həvalə edilmişdir. 1921-ci ilin oktyabr ayında Əhməd bəy Ağaoğlu Qarsda olarkən Ankarada yerləşən Mətbuat və İnformasiya İdarəsinə (Matbuat ve İstihbarat Umum Müdürlüğü) baş müdiri vəzifəsinə təyin edilmişdir. Bu təyinat birbaşa Mustafa Kamal Atatürkün tapşırığı ilə həyata keçirilmiş və Ağaoğlunun informasiya siyasətindəki strateji baxışları nəzərə alınmışdır. Yeni qurulan Cümhuriyyətin siyasi leqitimasiyasını təmin etmək, ictimai dəstəyi möhkəmləndirmək və milli ideyaların geniş auditoriyaya ötürülməsi kimi vəzifələr Ağaoğlunun rəhbərlik etdiyi qurumun əsas missiyası olmuşdur.
Elə həmin ilin dekabrında o, Ankaraya dönərək “Anadolu Agentliyi”nin rəhbəri vəzifəsini də icra etməyə başlamışdır. Anadolu Agentliyi Cümhuriyyət Türkiyəsinin ilk rəsmi informasiya agentliyi kimi həm daxili, həm də beynəlxalq informasiya siyasətində əsas rol oynayırdı. Ağaoğlunun bu agentliyə rəhbərliyi dövründə informasiya müharibəsi sahəsində ciddi addımlar atılmış, xarici media ilə əlaqələr qurulmuş, ictimai rəyin formalaşdırılmasında agentliyin rolu gücləndirilmişdir. Bununla yanaşı, Əhməd bəy “Hakimiyyəti-Milliyyə” qəzetinin də baş redaktoru təyin edilmişdir. Bu qəzet Kamalist ideologiyanın və yeni dövlət modelinin əsas tribunasına çevrilmişdi. Ağaoğlu qəzetin səhifələrində demək olar ki, hər gün publisistik yazılarla çıxış edərək, həm daxili ictimai rəyə təsir göstərmiş, həm də Cümhuriyyətin legitimliyini və məqsədlərini izah etmişdir. Bu yazılar müasir publisistikanın və siyasi analitikanın nümunələri kimi dəyərləndirilə bilər. Onun qələmə aldığı bu məqalələr sonradan “İxtilalmı, inqilabmı?” adlı kitab şəklində toplanaraq nəşr edilmişdir. Kitabda Ağaoğlu Türkiyədə baş verən dəyişikliklərin mahiyyətini təhlil etmiş, inqilabın ideoloji və sosial əsaslarını dərinliklə izah etmişdir. Əhməd bəyin Cümhuriyyət dövründəki fəaliyyəti yalnız mətbuat və informasiya sahəsi ilə məhdudlaşmamış, o, eyni zamanda hüquqi islahatlarla bağlı təşəbbüslərdə də iştirak etmişdir. Milli şüurun formalaşması, vətəndaş cəmiyyətinin qurulması və dövlət-vətəndaş münasibətlərinin modernləşdirilməsi istiqamətində onun fikirləri Türkiyənin siyasi həyatında dərin iz buraxmışdır.
Liberal düşüncələrin təbliği və “Akın” qəzetinin yaranması:
Əhməd bəy Ağaoğlunun fəaliyyəti yalnız mətbuat və milli ideologiyanın təşviqi ilə məhdudlaşmamış, o, eyni zamanda liberal dəyərlərin, azad düşüncənin və demokratik prinsiplərin təbliğində də öncül rol oynamışdır. Cümhuriyyətin ilk illərində dövlətin mərkəzləşdirilmiş strukturlarının möhkəmlənməsi fonunda birpartiyalı sistemin hökm sürdüyü bir zamanda, Ağaoğlu fərqli düşüncənin cəmiyyət üçün nə qədər vacib olduğunu vurğulamış, bu mövqeyini isə mətbuat vasitəsilə cəsarətlə ifadə etmişdir. Əhməd bəy Atatürklə nə qədər yüksək səviyyədə əlaqələrə sahib olsa da azad düşüncəsi və liberallığı bəzən Atatürkü də tənqid etməklə nəticələnirdi. 1933-cü ildə o, bu məqsədlə “Akın” adlı qəzetini təsis etmişdir. “Akın” qəzeti, o dövrdə Türkiyədə formalaşmaqda olan sərt dövlət nəzarəti və fikir plüralizminin boğulması şəraitində alternativ düşüncə platforması rolunu oynayırdı. Ağaoğlu bu qəzet vasitəsilə xüsusilə azad söz, fikir müxtəlifliyi, demokratik idarəetmə, insan hüquqları və konstitusiya əsaslı dövlətçilik kimi dəyərləri müdafiə etmiş, birpartiyalı siyasi sistemin potensial təhlükələrinə qarşı ictimai diqqət çəkməyə çalışmışdır.
Lakin bu cəsarətli mövqe hakim dairələrin sərt reaksiyası ilə qarşılanmışdır. “Akın” qəzetində dərc olunan yazılar səbəbindən Əhməd bəy dəfələrlə məhkəmə proseslərinə cəlb olunmuş, dövlətə qarşı çıxmaqda və ictimai asayişi pozmaqda ittiham edilmişdir. Onun məhkəməyə çıxarıldığı hallardan biri xüsusilə diqqətəlayiqdir. Məhkəmə proseslərindən birində keçmiş tələbəsi tərəfindən ittiham olunan Ağaoğlu, hakimdən icazə alaraq, publisistika və təhsil tarixində unikal sayılacaq bu sözləri səsləndirmişdir:
"Sizin icazənizlə bir neçə söz demək istəyirəm. Sən demə, məni məhkəməyə verən bir vaxtlar mənim tələbəm olub. Əgər doğrudan da məni cəzalandırmaq gərəkdirsə, bu yalnız mənim konstitusiya hüquqları üzrə professor olduğum halda, öz tələbəmə 'azad fikir' və 'azad söz' anlayışlarını doğru izah etmədiyim üçün olmalıdır."
Bu ifadə, Əhməd bəyin azad sözə olan inamını və müəllimlik prinsipinə nə qədər sadiq olduğunu göstərməklə yanaşı, eyni zamanda o dövrdəki siyasi basqılara qarşı intellektual müqavimətin simvoluna çevrilmişdir.
“Akın” qəzetinin fəaliyyəti Ağaoğlunun jurnalist kimi cəsarətini, siyasi düşüncə lideri kimi məsuliyyətini və maarifçi ziyalı kimi əxlaqi duruşunu bir daha təsdiqləmişdir. Onun bu fəaliyyəti yalnız jurnalistika sahəsində deyil, eyni zamanda cəmiyyətin demokratikləşməsi, fikri plüralizmin təşviqi və millətçilik ideologiyasının humanist əsaslar üzərində qurulması baxımından da böyük əhəmiyyət kəsb etmişdir. Əhməd bəy Ağaoğlunun Türkiyədəki mətbuat və ideoloji fəaliyyəti onun ümumtürkçülük və azərbaycançılıq ideyalarının bir davamı idi. O, Türkiyə Cümhuriyyətinin quruluş və möhkəmlənmə mərhələsində yalnız bir jurnalist və müəllim deyil, eyni zamanda liberal-demokratik cəmiyyətin zəruriliyini müdafiə edən intellektual vicdan rolunu oynayan nadir şəxslərdən biri olmuşdur. Mətbuat onun üçün sadəcə informasiya vasitəsi deyil, həm də cəmiyyətin mənəvi və siyasi tərbiyəsinin bir aləti idi.
Ayhan Ağarzayev
12:06 05.06.2025
Oxunuş sayı: 2021