Psixoloqdan abituryentlərə məsləhət: imtahan öncəsi bunlar vacibdir

Hazırda davam edən buraxılış və qəbul imtahanları abituriyentlər və yuxarı sinif şagirdləri üçün ciddi psixoloji gərginlik yaradır. Mütəxəssislər bu vəziyyəti təbii hal kimi qiymətləndirir və gənclərin psixoloji dəstəyə ehtiyac duyduqlarını bildirirlər. Psixoloqların fikrincə, stresin idarə olunması üçün sınaq imtahanları, vaxt bölgüsü texnikaları və art terapiya üsullarından istifadə faydalıdır. Valideyn və müəllimlərin bu dövrdə şagirdlərə mənəvi dəstək göstərməsi isə mühüm amil hesab olunur. Mütəxəssislər imtahana hazırlıq prosesinin daha planlı və emosional sabitlik şəraitində aparılmasını tövsiyə edirlər. Mövzu ilə bağlı psixoloq Fatimə Qasımova Crossmedia.az saytına açıqlama verib.
F.Qasımovanın sözlərinə görə, imtahana hazırlaşan şagirdlərdə imtahan stresi təbii və qəbul olunandır: “Hər bir məsuliyyətli abituriyent bu hissi yaşayır və bu, qəbul olunan haldır.” Onun sözlərinə görə, bu kimi halları istər valideynlərlə, istərsə də müəllimlərlə keçirilən görüşlər zamanı xüsusi vurğulayırlar. Psixoloq əlavə edib ki, imtahan hissi keçirmək normal hal olsa da, bu vəziyyətin dərinləşməsinin qarşısını almaq üçün psixoloji yanaşma vacibdir.
Fatimə Qasımova bildirib ki, imtahanqabağı dövrdə abituriyentlərin yaşadığı psixoloji gərginliyin aradan qaldırılması üçün bir sıra texnikalar və metodlardan istifadə olunur. Bu zaman psixoloqların dəstəyi, fərdi və qrup şəklində keçirilən söhbətlər önəm daşıyır. Onun sözlərinə görə, bu görüşlər təkcə abituriyentlərlə deyil, həm də onların valideynləri ilə birgə təşkil olunmalıdır.
Psixoloq vurğulayıb ki, abituriyentlərin əksəriyyəti vaxtı düzgün bölməkdə çətinlik çəkirlər. Xüsusilə imtahan zamanı zamanı idarə etməkdə yaranan problemlər onların əlavə stres yaşamasına səbəb olur. Buna görə də abituriyentlərə sınaq imtahanlarında aktiv şəkildə iştirak etmələri tövsiyə edilir.
Fatimə Qasımova qeyd edib ki, müxtəlif psixoloji rahatlaşdırıcı texnikalar imtahan stresi ilə mübarizədə effektiv nəticələr verir. O, art terapiya, özünə məktub yazmaq, mandala rəngləmək kimi metodların abituriyentlərin daxili gərginliyini azaltmaqda təsirli olduğunu bildirib.
F.Qasımova əlavə edib ki, "Pomodoro texnikası" da abituriyentlər üçün faydalı zaman idarəetmə üsullarından biridir. Onun sözlərinə görə, bu texnika ilə işləyən abituriyentlər gün ərzində qarşılarına qoyduqları tapşırıqları vaxtında yerinə yetirə bilirlər: “Bu texnika ilə işləyərkən günün sonunda nəzərdə tutulan işlərin hamısını aradan qaldırmağa nail olurlar".
Psixoloqun fikrincə, abituriyentlər arasında mənfi düşüncələrin yayılması onlarda stressi daha da artırır. Fatimə Qasımova bildirib ki, neqativ düşüncələrə sahib gənclərlə ünsiyyətdə olmaq digər abituriyentlərə də pis təsir edə bilər: “İnsan istər-istəməz mənfi emosiyanı digər insana bilmədən ötürə bilər". Bu səbəbdən pozitiv insanlarla ünsiyyətdə olmaq və özünü ruhən müsbətə kökləmək vacib hesab olunur.
Fatimə Qasımova bildirib ki, abituriyentlərə imtahana təxminən iki ay qalmış psixoloqla görüşlərə başlamaq tövsiyə edilir. Bu görüşlər zamanı şagirdlər öz zəif və güclü tərəflərini müəyyənləşdirib yazılı şəkildə qeyd etməlidirlər. Belə olduqda, həm gündəlik planlamalar asanlaşır, həm də daxili rahatlıq təmin olunur.
Psixoloq sonda tövsiyə edib ki, görüləcək işlərin yazılı şəkildə planlanması vacibdir. Şifahi tapşırıqlar unudula bilər, lakin yazılı qeydlər həm yadda qalır, həm də psixoloji olaraq rahatlıq yaradır. Abituriyentlər gündəlik fəaliyyətlərini qeydiyyata almalı və tapşırıqlarını planlı şəkildə yerinə yetirməlidirlər.
Fatimə Nəbiyeva
14:04 31.05.2025
Oxunuş sayı: 1716