Çimərlik mövsümü başlayır - təhlükəsiz istirahətin şərtləri nələrdir?

Yay ayları yaxınlaşdıqca çimərliklər insanların ən sevimli istirahət məkanına çevrilir. Ölkəmizdə iyunun 15-də çimərlik mövsümü başlayacaq. Bununla əlaqədar olaraq sahil zonalarında təhlükəsizlik tədbirləri həyata keçirilir. Bakı Şəhəri İcra Hakimiyyəti çimərliklərin tullantılardan təmizlənməsi və abadlaşdırılması üçün müvafiq işlər aparır.
Bununla yanaşı, Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəniz suyunun keyfiyyətini qiymətləndirmək üçün monitorinqlər keçirir. Çirklənmə səviyyəsi normadan yüksək olan çimərliklər barədə əhaliyə əvvəlcədən xəbərdarlıq edilir ki, insanlar təhlükəsiz istirahət edə bilsinlər.
Ölkəmizdə çimərlik mövsümü nisbətən qısa müddət davam edir—təxminən 2-2,5 ay ərzində sahillər insanlarla dolub-daşır. Bunun əsas səbəblərindən biri şimaldan daxil olan soyuq suların Xəzərin temperaturunu aşağı salması və küləkli hava şəraitinin dənizdə çimməyə mane olmasıdır. Bu səbəbdən insanlar yay mövsümünün məhdud zamanını nəzərə alaraq sahillərin verdiyi bu fürsətdən tam yararlanmağa çalışırlar. Lakin unutmamaq lazımdır ki, istirahət üçün nəzərdə tutulan bu mavi dəniz ehtiyatsızlığa heç vaxt güzəşt etmir. Odur ki, çimərliklərdə təhlükəsizlik qaydalarına riayət edilməlidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev ilk olaraq bildirib ki, çimərlikdə təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır:
“İstirahət elə təşkil edilməlidir ki, boğulma, xəsarət alma kimi insan həyatına təhlükə yarada biləcək hallar baş verməsin. Bunlardan birincisi suda boğulma hadisəsidir. Ona görə çimərlik seçimi diqqətlə edilməlidir—yalnız fəaliyyətinə icazə verilən çimərliklərə üstünlük verilməlidir. Nəzərə almaq lazımdır ki, fəaliyyətinə icazə verilən çimərliklərdə xilasetmə xidməti mövcuddur. Boğulma anında xilasetmə xidməti tərəfindən həmin şəxsin xilas edilməsi üçün operativ tədbirlər görür və bu da insanların təhlükə anında kömək edir. Bir daha vurğulamaq lazımdır ki, mütləq yalnız rəsmi icazəsi olan çimərliklərə getmək lazımdır. Boğulma hallarının statistikasına baxanda görürük ki, Azərbaycanda xilasetmə xidməti olan çimərliklərdə boğulma hadisəsi qeydə alınmayıb. Bu da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinin effektivliyini sübut edir”.
E.Nurəliyev vurğulayıb ki, çimərliyə gedərkən hava şəraitinə də diqqət etmək lazımdır:
“Əlverişsiz hava şəraitində çimərliyə getmək yolverilməzdir. Dünya üzrə boğulma hallarının 70%-dən çoxu əlverişsiz hava şərtlərinə bağlıdır. Hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Bu səbəbdən mütləq çimərliyə gedərkən hava şəraitinə diqqət yetirmək lazımdır. Küləyin sürəti saniyədə 10-12 metr keçərsə, çimərliyə getmək olmaz.Günün qaranlıq saatlarında, xüsusilə 20:00-dan sonra və günəşin ən qızmar olduğu 12:00-16:00 aralığında suya girmək lazımdlr. Ümumiyyətlə, suda maksimum qalma müddəti 15-25 dəqiqə olmalıdır. Bəzən insanlar saatlarla suda qalır, çimərliyi yarış meydançasına çevirirlər, kim daha uzaq məsafəyə üzə bilər deyə özlərini sınağa çəkirlər. Bu isə yolverilməzdir. Daş-qaya parçalarının üzərinə çıxıb suya baş vurmaq və dəmir konstruksiyalardan tullanmaq təhlükəsizlik baxımından yolverilməzdir.
Bundan əlavə, məhdudlaşdırıcı hüdudlar mövcuddur ki, bunlara riayət edilməlidir. Bu xətlər təhlükəsiz ərazini müəyyənləşdirir və onları keçmək olmaz. Uşaqları nəzarətsiz buraxmaq qətiyyən olmaz — valideynlərin başı əyləncəyə qarışdıqda, bu diqqətsizlik faciəyə səbəb ola bilər. Həmçinin, spirtli içki qəbul edərək suya girmək olmaz. Çimərliyə kiçik həcmli qayıq, gəmilər və şişmə vasitələr gətirib icazəsiz suya daxil etmək təhlükəsizlik baxımından yolverilməzdir”.
Nəzrin Salmanova
12:15 30.05.2025
Oxunuş sayı: 4332