Şimali Koreyada esmines qəzasına görə dörd vəzifəli şəxs saxlanılıb

Şimali Koreyada ikinci dəniz esminesinin qəzaya uğramasından sonra dörd məmur məsuliyyətə cəlb olunub. Ölkə lideri Kim Çen In insidenti “cinayətkar səhlənkarlıq” adlandırıb.
Esminesin ötən həftə ölkənin şimal-şərqindəki Çxoncin (Chongjin) limanında suya endirilməsi zamanı qəzaya uğraması Kimin qəzəbinə səbəb olub. O, bu uğursuzluğu “mütləq ehtiyatsızlıq və məsuliyyətsizlik nəticəsində baş vermiş cinayət əməli” kimi qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, dövlətə məxsus peyk görüntülərində gəminin aşdığı, hissələrinin suya batdığı və gövdəsinin mavi brezentlərlə örtüldüyü görünür. Analitiklər insidenti Kim Çen In-in dəniz qüvvələrinin modernləşdirilməsinə verdiyi əhəmiyyətin göstəricisi kimi dəyərləndirirlər. Rəsmilərin açıq şəkildə həbs olunması isə Şimali Koreya üçün nadir hal sayılır.
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirir ki, hakim Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin silah sənayesi departamentinin direktor müavini Ri Hyon Son saxlanılıb. Gəmiqayırma zavodunun müdiri istintaqa çağırılıb, baş mühəndis, gövdə sexinin rəisi və inzibati işlər üzrə direktor müavini də daxil olmaqla daha üç nəfər məsul şəxs tutulub.
Qəza, ölkənin ilk esminesinin uğurla buraxılmasından cəmi bir ay sonra baş verib. Kim bu layihəni Şimali donanmanın modernləşdirilməsi üçün “sıçrayış” adlandırmışdı. Dövlət mediası gəminin nüvə raketləri daxil olmaqla müasir silahları daşımaq imkanına malik olduğunu qeyd edib.
Cənubi Koreya rəsmiləri bildirirlər ki, “Ço Hyon” adlı döyüş gəmisi Rusiyanın köməyi ilə hazırlanıb. Kim Pxenyanın hərbi potensialını artırmaq səylərinin ABŞ və onun regional müttəfiqləri tərəfindən yaradılan təhdidlərə qarşı vacib olduğunu deyib.
Hərçənd Kimin sərt reaksiyasına və məsul şəxslərin həbsinə baxmayaraq, Şimali Koreya gəminin ciddi ziyan gördüyünü təkzib edib. Rəsmilər gəminin təmirinin 10 gün çəkəcəyini bildiriblər. Lakin analitiklər bu açıqlamanı ziyanın əsl miqyasını azaltmaq cəhdi kimi qiymətləndirirlər.
Zəhra Ağayeva
17:30 26.05.2025
Oxunuş sayı: 1468