“RedBird” Britaniyanın “Telegraph” qəzetini alır

ABŞ-ın investisiya şirkəti “RedBird Capital Partners”in rəhbərlik etdiyi konsorsium Böyük Britaniyanın 170 illik tarixi olan “Daily Telegraph” qəzetini almağa razılaşıb.
Satışdan əldə olunacaq vəsaitin “Telegraph Group”un əvvəlki sahibləri olan Barclay ailəsinin mövcud borcunu ödəmək üçün istifadə ediləcəyi gözlənilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, razılaşmanın dəyəri təxminən 500 milyon funt sterlinq (26,4 milyard türk lirəsi) təşkil edir. Konsorsium qəzetin naşir şirkəti olan “Telegraph Media Group”a nəzarəti ələ keçirmək üçün prinsipial razılığa gəlib.
“RedBird”in təsisçisi və idarəedici partnyoru Cerri Kardinale bu alqı-satqının “The Telegraph” üçün yeni bir dövrün başlanğıcı olduğunu bildirib: “Biz markanı həm Britaniyada, həm də beynəlxalq miqyasda böyütmək, texnologiyaya sərmayə qoymaq və abunəçi bazamızı genişləndirmək niyyətindəyik”.
Qeyd edək ki, “Telegraph Group” iki il əvvəl Barclay ailəsinin borclarına görə satışa çıxarılıb. Şirkət “Daily Telegraph”, “Sunday Telegraph” qəzetləri və “The Spectator” jurnalını nəşr edir. Qəzet Britaniyanın Mühafizəkarlar Partiyası ilə sıx əlaqələri ilə tanınır.
2023-cü ildə “RedBird Capital Partners” və Əbu-Dabi kral ailəsinin üzvü, BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayed Al Nahyan tərəfindən dəstəklənən “RedBird IMI” konsorsiumu nəşrləri almaq üçün təklif irəli sürmüşdü. Lakin ötən il Britaniya hökumətinin xarici dövlətlərin mətbuata nəzarət etməsinin qarşısını almaq məqsədilə hazırladığı qanun layihələri nəticəsində konsorsium parçalanmışdı.
Yeni razılaşmaya əsasən, Abu Dabi konsorsiumun üzvü kimi “Telegraph”da 15 faizdən çox olmayan azlıq payı əldə edəcək. Satış Britaniya tənzimləyici orqanlarının təsdiqindən sonra yekunlaşacaq.
“RedBird” eyni zamanda “Liverpool” futbol klubunun ana şirkətinə, “Skydance” film istehsalı şirkətinə və İtaliyanın “AC Milan” komandasına da sərmayə qoyub.
“Telegraph Media Group”un baş icraçı direktoru Anna Cons bildirib ki, “RedBird Capital Partners”in biznesin inkişaf potensialına əsaslanan maraqlı planları var.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında “The Spectator” jurnalı ayrıca şəkildə Britaniya hedc fondunun investoru Pol Marşala satılıb.
Zəhra Ağayeva
17:20 26.05.2025
Oxunuş sayı: 1464