Fransada fermerlər traktorlarla parlament binasına yürüş etdilər

Bu gün səhər saatlarında Fransada etiraz edən fermerlər traktorlarla Milli Assambleya – parlamentin aşağı palatası – binasına doğru yürüş ediblər. Aksiya, kənd təsərrüfatına dair yeni qanun layihəsinin müzakirəsinin başlanması ilə əlaqədar təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Prime” agentliyi məlumat yayıb.
Onlarla traktor birbaşa parlament binasının qarşısında yerləşdirilib. Nəqliyyat vasitələrində FNSEA və Jeunes Agriculteurs (Gənc Fermerlər) həmkarlar ittifaqlarının bayraqları dalğalanır. Aksiya təşkilatçılarının sözlərinə görə, etirazçılar gün ərzində orada qalmağa qərarlıdırlar.
“Biz heç yerə getməyəcəyik. Artıq 18 aydır ki, hökumətdən konkret addımlar gözləyirik,” – deyə etirazçılardan biri bildirib.
Aksiyaya ümumilikdə 200 nəfərin qoşulacağı gözlənilir. Parlament binasının yaxınlığında bir neçə polis mikroavtobusu növbə çəkir. Təşkilatçılar bildiriblər ki, aksiya şəhər prefekturası ilə razılaşdırılıb. Bununla belə, traktorlardakı etiraz şüarları ağ kağızla örtülüb.
Fermerlər ümumilikdə qanun layihəsini dəstəkləyirlər. Lakin sol partiyaların çoxsaylı düzəlişlər təqdim edəcəklərindən ehtiyat edərək, müzakirələrin uzanacağından narahatdırlar. Solçular isə bəzi tənzimləmələrin – məsələn, fermerlərə quraqlıq zamanı su anbarlarını doldurmağa icazə verilməsi – ekoloji vəziyyətə mənfi təsir göstərə biləcəyini bildirirlər.
Bununla yanaşı, bazar ertəsi səhər fermerlər Paris istiqamətində bir sıra avtomobil yollarını da bağlamağa başlayıblar. Aksiya Esson, Val-d’Oaz və İvlin departamentlərində keçirilir.
Xatırladaq ki, ötən həftə də fermerlər ölkənin şimalında – Nor və Pa-de-Kale departamentlərində bir neçə avtomobil yolunu bağlamışdılar. Onlar bürokratik prosedurların sadələşdirilməsi, fəaliyyətlərinin sertifikatlaşdırılması qaydalarının yenidən nəzərdən keçirilməsi və pestisidlərin istifadəsinə qoyulan məhdudiyyətlərin azaldılması ilə bağlı qanun layihəsinin təsdiqlənməsini tələb edirlər.
Nigar Rəhimova
14:25 26.05.2025
Oxunuş sayı: 1389