Kim Çen In Şimali Koreyanın uğursuz esmines buraxılışına sərt reaksiya verdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In, ölkənin yeni döyüş gəmisinin uğursuz suya buraxılmasından sonra məsul şəxslərin cəzalandırılacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, hadisəni “elmi əsasdan uzaq təcrübəçilik”, “səhlənkarlıq” və “məsuliyyətsizlik” nəticəsində baş verən bir “cinayət aktı” kimi dəyərləndirib.
Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, çərşənbə günü ölkənin şimal-şərq sahilində yerləşən Çxoncin liman şəhərində 5.000 tonluq yeni esminesin suya buraxılması zamanı “ciddi qəza” baş verib. Hadisə Kim Çen Inın iştirakı ilə baş verib.
Bildirilir ki, gəminin arxa hissəsi buraxılış platformasından suya doğru hərəkət etsə də, ön hissə rampadan çıxa bilməyib və nəticədə gəmi tarazlığını itirərək yan tərəfə çevrilib. Qəza zamanı gövdədə ciddi zədələr və deşiklər əmələ gəlib. Hadisə yerindən heç bir foto paylaşılmayıb və insan tələfatı barədə məlumat verilməyib.
Cənubi Koreya ordusunun yaydığı məlumata görə, peyk görüntüləri gəminin suda yan vəziyyətdə qaldığını təsdiqləyib. Bu, son bir ayda Şimali Koreyanın donanma esminesini suya buraxmaq cəhdinin ikinci uğursuzluğu kimi qeydə alınıb.
Qeyd edək ki, Kim Çen In bu layihəni – Sovet dövründən qalma köhnə donanmanı yeni hərbi gəmilərlə əvəz etməyi – ölkəsinin hərbi proqramlarının əsas hissəsi kimi təqdim edirdi. Baş verən uğursuzluq isə onun üçün həm şəxsi, həm də siyasi baxımdan ciddi nüfuz itkisi sayılır.
Mədinə Cəlilova
22:45 22.05.2025
Oxunuş sayı: 798