"Kabus geri qayıdır": "COVİD-19" yenidən yayılmağa başlayıb"

Son zamanlar Azərbaycanda yeni virusun yayılmasına dair iddialar var. Bəzən də bir zamanlar kabusa çevrilən COVİD-19 pandemiyasının geri qayıtdığı iddia olunur. Hər halda hər üç dörd nəfərdən biri xəstədir. İş burasındadır ki, bir çoxunun dediyinə görə, bu xəstəlik daha ağır keçir və daha uzun müddət davam edir. Əlbəttə, iddialar əsasslz olmamaqla yanaşı, həm də ictimaiyyətdə ajiotaj yaradır.
Bu barədə Crossmedia.az-a danışan həkim, professor Adil Qeybulla bildirib ki, bu epidemioloji vəziyyət uzunmüddətli narahatlıq olaraq qalmaqdadır: "Covid-19 qlobal pandemiya kimi bitsə də, epidemik ocaqlar hələ də mövcuddur. İkincisi, müxtəlif virus infeksiyaları, o cümlədən qrip və influenza, bu qış mövsümündə xeyli sayda insan arasında xəstəlik törədib. Bundan başqa, adenoviruslar və rinoviruslar da geniş şəkildə yayılıb".
Professor əlavə edib ki, qızılca bir müddət çox geniş şəkildə yayılmışdı və hətta yaşlı insanlar arasında da müşahidə olunurdu: "Covid-19 isə hazırda yeni bir forma alaraq yenidən yayılmağa başlayıb. Biz qloballaşan bir dünyada yaşayırıq. İstənilən infeksiya çox qısa müddətdə Azərbaycana daxil ola bilər. Nəticə etibarilə hər bir vəziyyətdə müvafiq qurumlar belə hallarda epidemioloji durumu düzgün qiymətləndirib virusların və həmin infeksiya törədicisinin identifikasiyasını həyata keçirməli, insanlara məlumat verməli, maarifləndirici tədbirlər görməli və profilaktik qaydaları tətbiq etməlidirlər".
Bənövşə Zahidli
12:16 22.05.2025
Oxunuş sayı: 1463