Türkiyədə 6,1 milyard barel şist nefti ehtiyatı aşkarlanıb

Türkiyənin enerji naziri Alparslan Bayraktar bildirib ki, ABŞ-nin Continental Resources şirkəti Diyarbəkir hövzəsində 6,1 milyard barel həcmində şist nefti ehtiyatı aşkarlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Qeyd edək ki, nazirin sözlərinə görə, hazırda Türkiyənin illik neft idxalı 365 milyon barel təşkil edir:
“Bu mənada 6,1 milyard barel çox ciddi göstəricidir”, – deyə Bayraktar vurğulayıb.
Bildirək ki, 2024-cü ilin mart ayında Continental Resources və Türkiyənin milli neft şirkəti TPAO bu ehtiyatların işlənməsi üçün ortaq müəssisə yaratmaq barədə razılaşma imzalayıblar.
Hazırda Türkiyə enerji ehtiyacının 90 faizdən çoxunu idxal hesabına qarşılayır. Qaz hasilatı isə ölkənin təbii qaz tələbatının cəmi 7-8 faizini ödəyir.
Hökumət enerji idxalından asılılığın azaldılması üçün daxili yataqların işlənməsinə və beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə önəm verir.
Qeyd edək ki, 2025-ci ilin ilk 4 ayında Türkiyə ümumilikdə 41 milyon barel yeni neft ehtiyatı aşkarlayıb, bunların 58 faizi Diyarbəkirdə yerləşir.
Xumar Emilqızı
23:11 21.05.2025
Oxunuş sayı: 948