Azərbaycan Psixoloqlarının I Forumu keçirilib

Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Naxçvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Psixoloqlarının I Forumu keçirilib.
Crossmedia.az xəbər verir ki, açılış tədbirindən öncə forum iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Forumda Azərbaycanın müxtəlif elm təhsil müəssisələrindən iştirak edən mütəxəssislər, Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin psixoloqları, NDU-nun Tibb fakültəsinin Psixologiya ixtisasında təhsil alan tələbələr, eyni zamanda Türkiyə Respublikasının bir neçə universitetindən gəlmiş qonaqlar iştirak ediblər.
Forumun açılışından əvvəl Ümummilli Liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
NDU-nun rektoru Elbrus İsayev qonaqları salamlayıb, birincisi keçirilən forumun təşkilini yüksək qiymətləndirib. Bildirib ki, universitetdə müxtəlif sahələri əhatə edən ənənəvi forumlar elmin inkişafına mühüm töhfə verir və yeni istiqamətlərin formalaşmasına səbəb olur.
E.İsayev həmçinin yaxın gələcəkdə universitetdə Psixologiya Mərkəzinin yaradılması ilə bağlı mühüm işlərin həyat keçirildiyini qeyd edib.
Sonra plenar çıxışlar başlanıb və məruzələr dinlənilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov muxtar respublikada məktəb psixoloqlarının fəaliyyəti, onların peşə bacarıqlarının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Gənc nəslin yetişməsində mühüm məsuliyyət daşıyan məktəb psixoloqlarının belə tədbirlərdə iştirakının önəminə diqqət çəkib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, psixologiya elmləri doktoru, professor Qızxanım Qəhrəmanova, Türkiyənin Malatya Turqut Özal Universitetinin rektor köməkçisi, professor İlhan Erdem, Yıldız Texnik Universitetin rektor müşaviri, professor Mehmet Engin Deniz məruzələrlə çıxış ediblər. Eyni zamanda Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru, dosent Elxan Bəylərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev və Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev psixologiyada müasir yanaşmalara və yeni çağırışlara toxunaraq aktual məsələlərə dair başlıqlarda məruzələr təqdim ediblər.
Sonra plenar məruzəçilərə universitet rektoru tərəfindən təşəkkürnamələr verilib.
Forumun rəsmi hissəsi başa çatdıqdan sonra universitetin Xalq Çalğı Alətləri Orkestrinin ifasında konsert proqramı təqdim edilib.
Sonda xatirə fotosu çəkilib.
Forum işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 7 istiqamətdə müzakirələr aparılıb. 21 təşkilatın 137 nəfər tədqiqatçısı tərəfindən təqdim olunan 125 tədqiqat üzrə məruzələr 3 salonda dinlənilib.
Forum çərçivəsində aprelin 26-da xüsusilə təlim və vörkşoplar təşkil olunacaq. Təcrübəli mütəxəssislərin təqdimatında 8 mövzuda 8 zalda keçiriləcək təlim və vörkşoplarda aktual məsələlər ətrafında müasir praktik yanaşmaların və tətbiqlərin paylaşılması təmin ediləcək. Eyni zamanda Naxçıvan MR-in bütün ümumtəhsil məktəblərinin psixoloqları, NDU-nun Tibb fakültəsinin Psixologiya ixtisasında təhsil alan tələbələri, NDU-dan və müxtəlif universitetlərdən qatılan mütəxəssislər iştirak edəcək.
22:54 25.04.2025
Oxunuş sayı: 664