BƏƏ rəsmisi: "Kosmik proqramların davamlı inkişafı üçün özəl sektorun rolu əsasdır"

Kosmik proqramların davamlı inkişafını və investisiyalarını təmin etmək üçün özəl sektorun rolu əsasdır.
Crossmedia.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kosmik Agentliyinin nümayəndəsi Abdulla Ahmad Al Shehhi Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
"Biz niyə dövlət-özəl sektor tərəfdaşlığına başladıq? Bugünkü və dünənki sessiyada da qeyd etdiyim kimi, sektor kommersiyalaşmaya doğru hərəkət edir. Bu gün biz BƏƏ Kosmik Məlumat Mərkəzi vasitəsilə üç əsas layihə icra edirik. Birinci layihə Geofəza Analitika Platforması adlanır. Süni intellekt əsasında işləyən bu platforma peyk məlumatlarına çıxışı təmin edir, bunu ya bizim öz peyklərimiz vasitəsilə, ya da böyük həcmdə məlumatlara çıxış əldə etmək üçün bəzi kommersiya və ya qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq vasitəsilə həyata keçirir", - deyə o qeyd edib.
Bundan başqa, BƏƏ rəsmisinin sözlərinə görə, ikinci proqram Kosmik Analitika və Həllər adlanır ki, burada əsas diqqət konkret məsələlərin həllinə yönəlib: "Misal olaraq, biz ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə mübarizə, həmçinin daşqınların və su ehtiyatlarının monitorinqi üçün analitik həllər təşəbbüsünü irəli sürdük".
"Kosmik Məlumat Mərkəzi çərçivəsində üçüncü layihə Əmirliklərin Mars Missiyası Elmi Məlumat Mərkəzidir. BƏƏ Kosmik Agentliyi açıq məlumat siyasətinə nəzarət edir və tətbiq edir. Beləliklə, bütün kosmik tədqiqat missiyaları üçün topladığımız məlumatlar elmi ictimaiyyət üçün açıqdır ki, onlar bu məlumatlardan faydalana, elmi tədqiqat nəticələri əldə etmək üçün onları təhlil edə bilsinlər", - deyə qonaq əlavə edib.
10:23 25.04.2025
Oxunuş sayı: 744