Ərdoğanın Azərbaycanla və Pakistanla bağlı sözlərinin "şifrəsi" :Güclər birləşir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ankara, Bakı və İslamabad birlikdə yeni addımlar atacaq.
O bildirib ki, Türkiyə türkdilli ölkələr və Pakistanla əlaqələri daha da gücləndirəcək: “Biz birlikdə yeni işlər görəcəyik”.
Ərdoğan təfərrüatları açıqlamayıb.
Məlum olduğu kimi, üç İslam dövləti arasında əlaqələr son zamanlar xüsusi xətlə inkişaf edir. Tərəflər müxtəlif məsələlərdə koordinasiyalı davranır, bir - birilərinin mövqelərini dəstəkləyirlər.
Ərdoğanın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan pakistanlı siyasi şərhçi Ahsan Hamid Durani Ərdoğanın bu fikirlərini regional geosiyasətdə mühüm inkişaf kimi qiymətləndirirəm: "Ortaq mədəni və tarixi əlaqələrə söykənən bu üçtərəfli əməkdaşlıq müdafiə, iqtisadi və diplomatik sahələri əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilməyə hazırdır. Bunun əsas istiqamətlərindən biri müdafiə sahəsində əməkdaşlıqdır. Belə ki, Pakistanın Azərbaycana JF-17 Blok III qırıcı təyyarələrinin tədarükü ilə bağlı bu yaxınlarda əldə edilmiş razılaşma üç ölkə arasında dərinləşən müdafiə əlaqələrini vurğulayır. Bu addım təkcə Azərbaycanın hərbi potensialını gücləndirmir, həm də Pakistanın regional müdafiə dinamikasında artan rolunu göstərir. Türkiyənin Ermənistanla münaqişəsi zamanı Azərbaycana dəstəyi bu üçtərəfli müdafiə əməkdaşlığını daha da möhkəmləndirir".
Müsahibimiz, həmçinin iqtisadi inteqrasiyadan da danışıb: "Baş nazir Şahbaz Şərifin üçtərəfli institusional mexanizmlərin, xüsusən də iqtisadi və investisiya sahələrində yaradılması təklifi Pakistan, Türkiyə və Azərbaycan arasında iqtisadi və ticari əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Bu cür təşəbbüslər ticarətin artmasına, infrastrukturun inkişafına və enerji sahəsində əməkdaşlığa gətirib çıxara bilər ki, bu da hər üç dövlətin xeyrinədir. Diplomatik sahədə də əməkdaşlığımız inkişaf edir. Son üçtərəfli görüşlərdən əldə edilən birgə bəyannamələr Qəzza, Kipr və Kəşmirdəki vəziyyətlər də daxil olmaqla, əsas beynəlxalq məsələlər üzrə vahid mövqeni vurğulayır. Bu ölkələr vahid cəbhə təqdim etməklə beynəlxalq forumlarda öz təsirlərini gücləndirə və ortaq maraqları daha effektiv müdafiə edə bilərlər".
Kənan Novruzov
14:01 24.04.2025
Oxunuş sayı: 1154