Yeni pandemiya qaçılmazdır: mütəxəssislər XƏBƏRDARLIQ ETDİ

Son illərdə qlobal sağlamlıq sisteminin sarsılmasına səbəb olan COVID-19 pandemiyası hələ yaddaşlardan silinməmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və mütəxəssislər növbəti pandemiyanın qaçılmaz ola biləcəyi barədə xəbərdarlıqlar edirlər.
Professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında bildirib: "COVID-19 pandemiyasından xeyli əvvəl də pandemiyalarla bağlı narahatlıqlar mövcud idi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırkı şəraitdə insan sağlamlığı üçün təhdid yaradan 10 əsas faktoru qeyd etmişdir. Bu faktorlar arasında qlobal istiləşmə, quraqlıq və qarşıda bizi gözləyən mümkün qrip pandemiyası da yer alır.
Burada söhbət real olaraq qrip pandemiyasından gedir – yəni bu hadisənin gələcəkdə baş verməsi ehtimalı olduqca yüksəkdir. Qrip virusu davamlı olaraq mutasiyaya uğrayır və hər il yeni formalarla ortaya çıxır. Bunun əsas səbəbi onun genetik quruluşunun ribonuklein turşusu (RNT) əsasında olmasıdır ki, bu da onu tez-tez dəyişməyə meyilli edir. Hər mutasiyada virus yeni xüsusiyyətlər qazanır və bu da onun daha təhlükəli formalarının yaranmasına səbəb ola bilər.
Tarixdə baş vermiş “İspan qripi” kimi genişmiqyaslı bir pandemiyanın yenidən təkrarlanması mümkündür. Bu da qrip virusunun pandemiya yaratmaq potensialının daim aktual qalmasına səbəb olur. Digər mutasiyaya uğrayan virusların da gözlənilməz sürprizlər yaratması realdır. Əgər bir virus hava-damcı yolu ilə yayıla bilirsə və yüksək yoluxuculuq indeksinə malikdirsə, onun pandemiya yaratmaq potensialı daha da artır".
Professor Şahvələd Məmmədov bildirib: "Ümumdünya Səhiyyə Təşkilatının da tez-tez vurğuladığı kimi, biz “gec-tez” bir sıra virus təhlükələri ilə qarşılaşa bilərik. Hal-hazırda viruslar dövrünü yaşayırıq və ümumilikdə mikrob assosiasiyasında mövcudluğumuzu davam etdiririk. Ən çox diqqət çəkən isə viruslardır.
Hazırda Çində yayılan və artıq Azərbaycanda da qeydə alınan Menapinima virusu bu baxımdan narahatedicidir. Xəstələr əsasən 3-5 gün davam edən qızdırma ilə həkimlərə müraciət edirlər. Viruslar daim mutasiyaya uğrayır, onların virulentliyi və təsir dairəsi dəyişir. Buna görə də yaxın gələcəkdə hansısa virusun pandemiyaya çevrilməyəcəyinə dair heç bir zəmanət yoxdur".
Bənövşə Zahidli
19:50 09.04.2025
Oxunuş sayı: 2297